Sağlığında əfsanəyə, dastana dönən ömür: Şöhrəti bütün Şərqə yayılmış Məhsəti Gəncəvi
Sağlığında əfsanəyə, dastana dönən ömür: Şöhrəti bütün Şərqə yayılmış Məhsəti Gəncəvi
19.01.2023 Qənirə Paşayeva Tərəfindən

Onun həyat hekayəsi hələ öz sağlığında rəvayətə dönmüş, gözəlliyi, istedadı, şəxsiyyəti, sənətkar məharəti dillərdə dastan olmuşdu. Gəncə əhli onun rübailərinin kövrək dili ilə danışır, sirli nəğmələrinin ahəngi ilə yaşayırdı. Məhsəti Gəncəvinin (1089-1160) çoxşaxəli istedadı ilə yanaşı, onun haqqında deyilənlər, yazılanlar da bu əfsanəvi Azərbaycan qadınının şöhrətini bütün Şərqə yaymışdı.

O, ilk şahmatçı qadın idi. Ömür kitabından dastan bağlanan ilk şair, ilk bəstəkar qadın kimi adı tarixdə qalmışdır. İlk görkəmli qadın musiqiçi kimi incəsənət tarixində dərin iz qoymuş, eşqlə yoğrulan, sevgi dünyasının əzəmətindən xəbər verən rübailəri ilə könüllərdə taxt qurmuşdur. Bu dördlüklər oxucusuna ilahi bir hikməti pıçıldayır, onu həyat sirlərinə vaqif olmağa səsləyirdi:

Sənə qismət olsa beş gün bu həyat,

Öz könlünlə yaşa, qəlbini yaşat...

Həmnəfəs axtarma, üzlətə çəkil,

Həmnəfəs aynanı pasladır, heyhat!

Məhsəti Gəncəvi şahları mat qoyan Şərq şeirinin gəncəli ilahəsi idi. Bəlkə də qoca Şərqin yeganə qadın şairidir ki, haqqında bu qədər çox rəvayət, nağıl, dastan qoşulmuş, gerçək həyatı həmin əsərlərin içində əriyib əfsanələşmişdir. Bu cəhət bəzən şairin həyatı, şəxsiyyəti, yaradıcılığı haqqında tədqiqat aparan müəllifləri də çaş-baş salmış, onun əfsanəvi bir şəxs, uydurulmuş obraz, yoxsa gerçək bir tarixi şəxsiyyət olması haqqında tərəddüdlərə gətirib çıxarmışdır. Məhsətinin gerçəkdə mövcud olmasının, varlığının ən gözəl isbatı isə şeirləri idi. – Dərin bir kədərə bürünmüş, dərdin fəlsəfəsindən zireh geyinmiş, ancaq isti ürəklərin hər zaman imdadına çatan şeirləri...

Bir cismimə bax: içində qəlbim viran!

Bir canıma bax: düşübdür oddan tufan!​

Bir bax gözümə, bir gül üzün eşqindən

Yaşlar süzülür hər zaman ümman-ümman.

Bu zərif ruhlu, dəqiq biçimli, dərin həyat məntiqini vurğulayan şeirlər öz müəllifinin zəngin daxili aləmindən, keşməkeşli həyatından xəbər verirdi. Xalq şairi Mirvarid Dilbazi onun ölçüyəgəlməz, müqayisəedilməz istedadı haqqında yazırdı: “Dünya şöhrətli rübailər yaradan Məhsəti həm mahir musiqiçi, həm də usta şahmatçı idi. Musiqi zərifliyi Məhsətinin rübailərinə çökübsə, şahmat mürəkkəbliyi onun taleyindən keçib. Vaxtın sərt küləkləri Məhsətinin şeirlərini və ömür yolu haqqında bilgiləri ən müxtəlif əlyazmalarının səhifələrində ölkə-ölkə, şəhər-şəhər yayıb”.

Mətbuatın olmadığı bir dövrdə şeirlərinin inanılmaz sürətlə, geniş miqyasda yayılması şairin böyük sənətkar istedadı ilə birgə, şəxsiyyətinə qarşı sonsuz xalq sevgisinin təzahüründən irəli gəlirdi. XII yüzildə belə bir istedadlı qadın şairin yetişməsi həmin dövrdə Azərbaycan xalqının ictimai-siyasi və mədəni sahədə qazandığı uğurların təzahürü idi. Tədqiqatçılar vurğulayır ki, deyilmiş sözlərin, qoşulmuş bayatıların, yazılmış rübailərin ən gözəli, ən təsirlisi, ən unudulmazı məhz Məhsəti Gəncəviyə məxsusdur. Bunun bir sadə səbəbi vardı: Məhsəti Gəncəvinin qəlbindən qopan misralar onun zərif duyğularını, həssas qadın qəlbinin yaşantılarını əks etdirdiyi üçün söz xəzinəsinin qiymətli poetik incilərinə çevrilmiş, ürəkləri fəth etmişdi.

XI yüzilin sonları – XII yüzilin əvvəllərində yaşamış böyük Azərbaycan şairi Məhsəti Gəncəvi Azərbaycan (və müsəlman Şərqi) intibahının parlaq nümayəndəsi idi. Rəvayətlərə görə, Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində ilahiyyət alimi ailəsində doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdır. O, Gəncənin Xərabat məhəlləsində yaşamış, yaxşı təhsil almış, vaxtını qonaqlıqlarda, musiqi və rəqs məclislərində keçirmişdir. O, şeirlərində sənətkar, şair, müğənni və b. obrazları tərənnüm edən yeni şəhər poeziyasının təmsilçisi idi. Məhsəti Gəncəvinin şeirlərinin əsas tərənnüm obyekti şərab və eşqdir. Bu əsərlər içərisində Gəncənin Xərabat məhəlləsində yaşayan gənc sənətkarlara, dərzilərə, əyiricilərə, qızılaxtaranlara və başqalarına həsr etdiyi şeirlər silsiləsi daha çox məşhurdur.

Dün kaşı kuzəmi daşlara çaldım,

Sərxoşdum, bilmədim əlimdəm saldım.

Kuzə dilə gəlib dedi ki, mən də,

Sənin kimi idim, bu günə qaldım.

Onun əsl adı Mənicə olub, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdür. Həmin təxəllüslə bağlı bir neçə rəvayət və fərziyyə də var.

...Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərinin “Nəticə” adlanan hissəsində irəli sürülmüş fərziyyəyə görə, “Məhsəti” “mah” və “səti” olmaqla iki sözdən ibərətdir, “böyük xanım” anlamına gəlir. Nəhayət, başqa bir ehtimala əsasən, bu ad “Mah” və “səti” (“Ay xanım”) sözlərindən düzəlib. Beləliklə də, “meh-həsti” və ya “mə-histi” – “Məhsəti”yə çevrilərək şairi bütün Şərqdə bu təxəllüslə tanıdıb...

Onun dərin mütaliəyə söykənən bədii zövqü yaradıcılıq yolunu işıqlandıraraq ömrünün əbədiyyət məşəlinə çevrildi. Mədəni irsi ən böyük Şərq klassiklərinin yaradıcılığı ilə müqayisə olunaraq söz zirvəsində həqiqi yerini tutdu. Orta yüzilliklər mühitində, qadın hüquqlarının məhdudlaşdırıldığı bir dönəmdə Məhsəti Gəncəvi kimi istedadlı şairin yetişməsi qeyri-adi olduğu qədər həm də ciddi önəm daşıyan hadisə idi. Bu ümumi mədəni səviyyənin yüksəlməsi, baxış yeniliyi və azadfikirliliyin əlamətlərindən biri kimi xüsusi önəm daşıyırdı. Əlbəttə, Məhsəti Gəncəvi kimi qüdrətli bir qadın sənətkar birdən-birə yetişə bilməzdi. Bunun üçün müəyyən mühit, ədəbi-mədəni zəmin olmalı idi. Məhsətinin əldə olan şeirləri göstərir ki, o, yaxşı təhsil almış, ərəb və fars dillərini öyrənmiş, Şərq ədəbiyyatının incəliklərinə kamil şəkildə bələd olmuşdur. Əsərlərində işlətdiyi bədii ifadə vasitələri aydın şəkildə göstərir ki, Məhsəti yüksək istedad və incə zövqlə yanaşı, dərin mütaliəyə malik olmuşdur.

Məhsəti Gəncəvinin həyatı barədə bilgilər əlyazma nüsxələri Azərbaycan Əlyazmalar İnstitutunda, İstanbul və Londonda saxlanan, XIII yüzilə aid edilən “Məhsəti və Əmir Əhməd” dastanından götürülmüşdür. Azərbaycan ədəbiyyatşünaslarının son tədqiqatları göstərir ki, “Dastan”ın müəllifi XIII yüzildə yaşamış Azərbaycan şairi və alimi Abdulla Cövhəri Zərgər Təbrizidir. Dastandakı qəhrəmanlar, o cümlədən şair Əmir Əhməd, Gəncə şahı (Sultan Məhəmməd) və 2-ci Gəncə şahı (Sultan Mahmud) real şəxsiyyətlərdir.

İlk dəfə Səhab Tahiri Məhsətinin rübai, qitə və qəzəllərini müxtəlif qaynaqlardan toplamış və 1957-ci ildə 200-ə yaxın şeirdən ibarət “Divan”ını tərtib etmişdir. Məhsəti Gəncəvi yaradcılığına rəğbət heç vaxt səngiməmiş, müxtəlif dövrlərin sənət adamları bu yaradıcılıqdan ilhamlanaraq əsərlər yaratmış, ədəbiyyat və incəsənətimizi zənginləşdirmişlər. Nakam sənətçimiz Ərtoğrul Cavidin yarımçıq qalmış “Məhsəti” operası, Kəmalə Ağayevanın “Məhsəti” pyesi (1964), Məmmədhüseyn Təhmasibin “Rübailər aləmində” teatr tamaşası (1968) belə örnəklərdəndir.

Məhsəti Gəncəvi dərin fəlsəfi məzmunlu rübailəri ilə oxucunu həyat eşqinə, nikbinliyə, dünya gözəlliklərindən ilham almağa çağırır. Tərki-dünyalıqdan, zahidlik və vaxtı keçmiş adət-ənənələrdən uzaq olmağa səsləniş bu rübailərin əsas leytmotivini təşkil edir. Məhsəti Gəncəvinin bizə gəlib çatan şeirləri göstərir ki, o, ərəb, fars dillərini gözəl bilmiş, Şərq poetikasının incəliklərini bütün mükəmməlliyi ilə mənimsəmişdir. Yüksək fitri istedadı ilə seçilən şairin geniş dünyagörüşü, çoxçalarlı istedadı, mərdliyi, möhkəm xarakteri onu əzəmətli bir şəxsiyyət kimi tanıtmış, könüllərdə Məhsəti heykəlini ucaltmışdır. XII yüzildə yaşayıb-yaradan fars mütəsəvvüf şairi Fəridəddin Əttar (1136-1221) “İlahinamə” poemasında ondan “Məhsəti Dəbir” deyə söz açır:

O təmiz gövhərli Məhsəti Dəbir,

Olmuşdu Səncərlə dil bir, könül bir.

Camalı deyildir Ay kimi parlaq,

Qəlbən bağlanmışdı şah ona ancaq.

Məhsəti dövrünə yaxın olan, ola bilsin ki, onu şəxsən görən Əttar bu ölməz rübai şairini yüksək keyfiyyətlərinə görə “Dəbir” adlandırıb. “Dəbir” sözü “katib, mirzə, xəttat” anlamına gəlir. Eyni zamanda, yüksək savadlı, hazırcavablığı, incə zövqü ilə başqalarından seçilən şəxslərə də “dəbir” deyilirdi.

Məhsəti Gəncəvinin xalq şeiri tərzinə yaxın rübailəri, dərin fəlsəfi məzmunlu şeirləri Azərbaycan və ümumən Şərq poeziyası tarixində önəmli yer tutur. Əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilmiş görkəmli yazıçımız Məmməd Səid Ordubadi yazırdı: “Məhsəti Gəncəvi Ömər Xəyyam ilə yanaşı öz rübai məktəbini yaratmış, dünya lirik şeir dəftərinə öz imzasını qoymuşdur”. Bir çox tədqiqatçılar isə Məhsətini Ömər Xəyyam məktəbinin nümayəndəsi hesab edirdi; lakin bu fikirlə qətiyyən razılaşmaq olmaz. Çünki o, Ömər Xəyyamdan öncə doğulmuş, rübailəri ilə ondan xeyli öncə ün qazanmışdı. Məhsəti Gəncəvi Şərq klassik şeirində öz dəst-xətti ilə seçilən bir şair kimi rübailəri ilə yeni bir cığır açmış, öz məktəbini yaratmışdı.

Çağdaş ədəbiyyatşünasların bir çoxunun fikrincə, şair əsası Qətran Təbrizi və Xaqani Şirvani tərəfindən qoyulmuş Azərbaycan şeir məktəbinin ənənələrindən bəhrələnmişdir. Bu fikrə şairin milli ədəbi ənənələrdən də yararlandığını əlavə edərək vurğulayırıq ki, Şərq şeiri və klassik sənətdən əxz etdikləri sayəsində Məhsəti öz bənzərsiz istedadı ilə yeni bir yaradıcılıq üslübu formalaşdırmışdı.

Məhsəti Gəncəvinin əsərləri ilə tanışlıq göstərir ki, o, doğma Gəncə ilə yanaşı, Arran, Rum, Mərv, Bəlx, Nişapur, Herat, Xorasan, İraq, Zuzən və başqa şəhərləri, vilayətləri gəzmiş, bu yerlər haqqında geniş bilgisi olmuşdur. Şəxsiyyəti və yaradıcılığının mahiyyəti etibarı ilə Məhsəti Azərbaycan intibahının ən qabaqcıl elçilərindən sayılır. Məhsəti ilə bugünkü oxucu arasında böyük bir zaman məsafəsi dayanır; lakin bu zaman sərhəddinin uzaqlığı, sadə məntiqin əksinə, Məhsətinin böyüklüyünü daha yaxından və aydın görməyə imkan yaradır. Orta yüzilliklərdə onun haqqında rəvayətlər və xüsusi bir dastan yaranıbsa, çağdaş sənətkarlar ona şeirlər, poemalar, romanlar həsr edib. Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanında Məhsəti müdrik, xalq tərəfdarı olan bir sənətkar kimi təqdim olunmuşdur. Mirvari Dilbazinin poemasında, Nigar Rəfibəylinin şeirində, Məmmədhüseyn Təhmasib və Kəmalə Ağayevanın pyeslərində onun xəlqi, humanist bir şair obrazı canlandırılmışdır. Məhsəti Gəncəvi intibah dövründə Azərbaycan ədəbiyyatının asimanında öz yeri olan, göz önündə parlayan ən işıqlı ulduzlardan biridir. Şairin Nigar Rəfibəyli tərəfindən ustalıqla Azərbaycan türkcəsinə çevirilmiş rübailəri bir daha təsdiqlədi ki, Məhsəti bütün dövrlərin oxucularının sevimlisidir. Bu tərcümələrin dönə-dönə çap olunmasına ehtiyac yaradan da həmin sevgidir...

Onun dastana dönən ömrü haqqında dövrünün tarixçi alimlərinin, salnaməçilərinin yazdığı real faktlar, eləcə də “Məhsəti və Əmir Əhməd” dastanı şairin həyat xronikasını gözlərimiz önündə canlandırır. “Məhsəti və Əmir Əhməd” dastanı Məhsəti və ona aşiq olmuş Əmir Əhməd haqqındadır. Bu dərin sevdanın sonu nikahla tamamlanmış, onların iki övladı dünyaya gəlmişdir. Əmir Əhməd uzun müddət Gəncənin xətibi olmuş, Məhsətidən öncə haqq dünyasına qovuşmuşdur. Könül sirdaşının ölümünə dözə bilməyən Məhsəti Gəncəvi, vəfalı ömür-gün yoldaşının həsrətiylə şeirlər yazmış, acı göz yaşları tökmüşdür. Nəticədə şairin gözləri tutulmuş, iki aydan sonra o da vəfat etmişdir...

Dastanda Məhsəti Gəncəvi həm də Gəncədə ən güclü şahmat ustası kimi təsvir olunur. Dövrün şahı Gəncədə verdiyi bir ziyafətdə Məhsəti ilə şahmat oynayır, onun şahmatda da gücünü sınayır. O, şeirləri, ağlı, fitri istedadı ilə olduğu kimi, şahmat oyunu ilə şahı mat edir...

Həm dastandan, həm də tədqiqatçıların yazdıqlarından bəllidir ki, Məhsəti Gəncəvinin qəbri Şıx düzü deyilən yerdə, Nizami Gəncəvinin qəbrinin yanındadır. 1923-cü ilin noyabr ayında Tiflisdə nəşr olunan “Yeni fikir” qəzetinin 206-cı sayında dərc edilmiş “Nizami Gəncəvinin qəbri” adlı məqalədə belə bir fakt verilib ki, Nizami Gəncəvinin qəbrinin ətrafında qazıntı işləri aparılarkən orada bir qadın qəbrinin də olduğu üzə çıxıb. “Bu, kimin məzarı ola bilər?” sualı ətrafında müxtəlif fikirlər, fərziyyələr dolaşıb. Kimi bu qəbrin Nizami Gəncəvinin həyat yoldaşına, kimi də qızına məxsus olduğunu düşünüb. Akademik Həmid Araslı bu iki dahi şəxsin yaşadığı tarixləri uzlaşdırmağın qeyri-mümkünlüyünü qeyd etsə də, onların tanışlığını da istisna etmir. O, hətta Nizaminin bir şerini də misal gətirərək, bu misraların Məhsətiyə ithaf olunduğunu ehtimal edir:

Sənin sənətin musiqi çalmaqdırsa,

Mən zil və bəm səsləri dinləmək istəyirəm.

Sürməli kipriklərini yana dartma

Bir ox at, gözləyirəm.

Bilirsən ki, sənsiz yaşamağa qüdrətim çatmır,

Əgər həyatımı istəyirsənsə, al, sənə verirəm.

Görürəm, əbəs yerə uğura ümid bağlamışam,

Mən son nəfəsimlə səni çağırıram.

Nizami öz canını sənə bağışlayır –

Qəbul et, necə ki, mən iztirabları qəbul edirəm.

Aradan yüzillər keçməsinə baxmayaraq, Məhsəti Gəncəvinin yaradıcılığı bu gün də ədəbiyyatşünasların diqqət mərkəzindədir. Bu gün Məhsətinin “danışdığı” dillərin sayı çoxdur. – İndi onun rübailəri azərbaycanca və farsca ilə yanaşı alman, fransız, ingilis, italyan və b. dillərinə çevrilib dünyanı dolaşır. Bir sözlə, Məhsəti şöhrətinin, Məhsəti fəthlərinin fəzası hüdudsuzdur. “Məhsəti” sözünün cazibəsi doqquz yüz il bundan öncə olduğu məqamında qalır: yenə də oxucusunu heyran edir, təəccübləndirir, düşündürür. Çağdaş dünya Azərbaycanı yaxud Azərbaycan ədəbiyyatını, mədəniyyətini həm də Məhsətiyə görə tanıyır. Məhsəti Gəncəvi ölməz sənəti ilə özünə əbədi bir abidə ucaldıb. Təsəvvürümüzə sığmayacaq qədər uzun yüzillər boyu Məhsətinin adı və şeirləri yaşayacaq, köhnəlməyən gerçəkləriylə yeni dünyaya hayan olacaq. Ötkəm şəxsiyyəti, üstün ağlı, sərhədsiz duyğuların vəhdətindən yaranan poetik dünyası, qələminin bəhrələri xalqına əbədi mirasdır. Yeri gəlmişkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 2019-cu il tarixli, 211 saylı Qərarı ilə Məhsəti Gəncəvinin adı “Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı”na daxil edilmişdir.

Adı Gəncə ilə qoşa yazılan (və qoşa yaşayan), uca varlığının, ədəbi irsinin gücünü vətənindən alan Məhsəti Gəncəvi nəğməsinin, sözünün sehri ilə oxucusunu hər zaman heyrətə gətirməyi bacaracaqdır.

RUHUNA ALQIŞ!

millət vəkili Qənirə Paşayeva

visiontv.az