Sabah Paşinyana Rusiya, Azərbaycan və Türkiyə üçün gərəkli olan növbəti sənədlər imzalatdırılacaq
25.11.2021

Azərbaycandakı Qərb şəbəkəsi və tərəfdarları indi də Soçi görüşünün əhəmiyyətini azaltmağa və 15 dekabra planlaşdırılan Brüssel görüşünün əhəmiyyətini artırmağa, Paşinyandan da “Putinə qarşı dirəniş göstərən qəhrəman” obrazı yaratmağa çalışsalar da, reallıq ondan ibarətdir ki, 2020-ci ilin 10 noyabrında və 2021-ci ilin 11 yanvarında olduğu kimi, sabah - 2021-ci ilin 26 noyabrında da Ermənistanın Baş nazirinə Rusiya, Azərbaycan və Türkiyə üçün çox gərəkli olan növbəti sənədlər imzalatdırılacaq.

Söhbət, ən azı, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Rusiyanın təklif etdiyi sənəddən gedir ki, 16 noyabrda yaşanan hadisələrdən sonra qorxuya düşən Paşinyan bunu qəbul etməyə hazır olduğunu elan edib.

Deməli, bu sənəd də, əvvəlki razılaşmalartək, gözlənilən Brüssel danışıqlarında əsas bünövrə olacaq, problemin yeni reallıqlara uyğun həllində Qərb ölkələrini Rusiyanın, Türkiyənin və Azərbaycanın mövqeyi ilə hesblaşmağa və əməkdaşlığa vadar edəcək...

Çünki Qərbdə çox yaxşı anlayırlar ki, danışıqlar prosesinin pozulması, reallıqlarla barışılmaması müharibə riskini yenidən yüksəldə, Rusiya və Türkiyənin Azərbaycan vasitəsi ilə Ermənistanı növbəti dəfə daha sərt şəkildə cəzalandırması, son nəticədə də qərbyönümlü Paşinyanın devrilməsi ilə nəticələnə bilər. Bu isə Paşinyan hökumətinə Ermənistandakı son qalası kimi baxan ABŞ və Avropa İttifaqına heç gərəkli deyil...

Bununla belə, əldə olunan razılaşmaların əhəmiyyətini azaltmaq üçün sabahdan etibarən yalançı vətənpərvərlik donuna bürünmüş Qərb şəbəkəsinin sosial şəbəkələrdə və xaricdən idarə olunan media resurslarında Azərbaycan hakimiyyətini Rusiyaya təslim olmaqda ittiham edən çığır-bağırtılarına da yenidən geniş meydan veriləcək.

Siyasi şərhçi Elxan Şükürlü

Visiontv.az