Qətllərdə əli olmayan PKK üzvləri altı ay ərzində Türkiyəyə qayıdarlarsa, cinayət təqibinə məruz qalmayacaqlar
16.08.2026

Qanun layihəsinə əsasən, qətllərdə əli olmayan PKK üzvləri qanun qüvvəyə mindikdən sonra altı ay ərzində Türkiyəyə qayıdarlarsa, cinayət təqibinə məruz qalmayacaqlar.

Sənədə əsasən, PKK-nın buraxılması və silahsızlaşdırılmasının təsdiqi Türkiyə Milli Təhlükəsizlik Şurasına həvalə olunacaq. PKK ilə bağlı cinayətlərə görə məhkum olunmuş bir çox şəxsin həbs cəzasının icrası təxirə salınacaq.

Parlamentdə deputatların əksəriyyəti qanun layihəsini dəstəkləyir və sənədin bu həftənin sonunadək qəbul ediləcəyi gözlənilir. Amma "Reuters" ictimai rəy sorğularına istinadən yazır ki, cəmiyyətin bir hissəsi bu təşəbbüsün uzunmüddətli sülh gətirəcəyinə şübhə ilə yanaşır.

PKK-ya rəhbərlik etmək kimi ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, yaxud 2005-ci ildən əvvəl ömürlük həbs cəzası alanlar bu güzəştlərdən yararlana bilməyəcəklər. Bu isə 1999-cu ildən ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanın həbsdə qalacağı deməkdir.

visiontv.az