Sağ olsun qonşu! Xoruzun üçüncü banında başladı otbiçən maşını xoddamağa, bütün məhləni oyatdı.
Mən də qalxıb baş qatmaq üçün Yeva İlluzun “Sevgi niyə əzab verir” kitabından Madam Bovariyə aid hissəni oxuyası oldum. Və gəldiyim nəticə:
Qərbdə ailə yolun sonudur, bizdə başlanğıcı. Avropalı kişi və qadın əvvəlcə başqalarını tanıyıb onların arasından özünə uyğun olanı seçib ailə qurur.
Bizim kişi və qadın isə əvvəlcə ailə qurub sonra başqalarını tanımağa başlayır və çox vaxt məlum olur ki, seçdiyi özünə uyğun olanların ən pisidir.
Deyə bilmərəm bunun hansı yaxşıdır: gəzib-gəzib ailə qurmaq, yoxsa ailə qurub gəzməyə başlamaq.
Hər halda, bir romanlıq mövzudur. Madam Bovariyə gəlincə, o da ailə qurub gəzənlərdən idi. Zatən Flober onu tip olaraq Şərqdən, konkret desək, sudanlı rəqqasədən əkişdirib aparmışdı. XIX əsrdə Avropada Bovariyə ancaq romanda rast gəlmək mümkün idi. Floberi də bu romana görə ictimai əxlaqı pozduğu üçün məhkəməyə vermişdilər.
Aqşin Yenisey
visiontv.az