İranda yeni liderdən beş aydır heç bir iz yoxdur: Qayınatası da yalnız “ümid edir”!
27.07.2026

Həddadadil Müctəba Xameneinin vəziyyəti ilə bağlı məlumatsız olduğunu etiraf etdi.

Həddadadil yalnız Müctəbanın sağ olduğuna “ümid etdiyini” deyir; onun son açıqlamaları Müctəba Xameneinin öldüyünə dair iddiaları daha da gücləndirib. Bu cür açıqlamalar Müctəba Xameneinin də hücumlar zamanı həlak olması ilə bağlı ehtimalları artırıb.

Gunaz TV-nin məlumatına görə, Əli Xameneinin ABŞ və İsrailin birgə hücumları nəticəsində öldürülməsindən və Müctəba Xameneinin İranın yeni lideri elan olunmasından beş ay sonra, Məsləhət Şurasının üzvü və yeni liderin qayınatası Qulaməli Həddadadil kürəkəninin vəziyyəti barədə məlumatsız olduğunu göstərən açıqlaması ilə Müctəba Xameneinin taleyi ətrafındakı sualları yenidən artırıb.

İLNA agentliyi Həddadadildən soruşub: “Onun şəhid liderin mərasimində görünməməsi sağlamlığı ilə bağlı suallar yaradıb. Siz liderin vəziyyəti barədə məlumatlısınızmı?”

Həddadadil cavabında deyib: “İnşallah ağa Müctəba sağlamdır. O, hələlik müəyyən səbəblərə görə heç bir yer və heç kimlə əlaqə saxlamır. Amma inşallah ki, sağlamdır.”

Bu açıqlama Müctəba Xamenei İranın yeni lideri elan olunduqdan sonra indiyədək onun nə görüntüsünün, nə videosunun, nə də səs yazısının yayımlanmaması fonunda səsləndirilib.

Yayılan məlumatlara görə, Müctəba Xamenei də Əli Xameneinin öldürüldüyü ABŞ və İsrail hücumları zamanı ağır yaralanıb. İranın xarici işlər naziri Abbas Əraqçi də ötən həftə açıqlamasında indiyədək Müctəba Xamenei ilə görüşə bilmədiyini bildirib.

Yeni liderlə ən yaxın qohumluq əlaqəsinə malik şəxslərdən biri olan Həddadadilin bu açıqlaması Müctəba Xameneinin taleyi, hətta onun həlak olması ilə bağlı ehtimalları daha da gücləndirib. Çünki o, yalnız kürəkəninin “sağ olduğuna ümid etdiyini” bildirib və onunla əlaqə saxladığını və ya görüşdüyünü deməyib.

visiontv.az