Mədəniyyət və İncəsənət Universitetində süni intellekt texnologiyalarının təhsilə inteqrasiyası genişləndirilir
27.07.2026

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ötən tədris ilindən etibarən magistratura proqramlarına süni intellektyönümlü fənlər daxil edilib. Bu yenilik tələbələrin süni intellekt sahəsində bilik və bacarıqlarının artırılmasına, onların yaradıcı və analitik düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə, eləcə də müasir yaradıcı sənayenin tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına xidmət edir.

Universitetdən  bildirilib ki, ali təhsil müəssisəsində süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası davam etdirilir.

2025/2026-cı tədris ilindən etibarən magistratura səviyyəsində bir sıra ixtisaslaşmaların tədris planlarına yeni fənlər daxil edilib. Menecment ixtisasının teatr menecmenti, muzey və qalereya menecmenti, musiqi menecmenti, kino və televiziya menecmenti və audiovizual sahələr üzrə prodüserlik, həmçinin sənətşünaslıq ixtisasının teatr tənqidi, teatr tarixi və nəzəriyyəsi, təsviri sənət tarixi və nəzəriyyəsi, audiovizual sənətlər tarixi və nəzəriyyəsi, dekorativ-tətbiqi sənət tarixi və nəzəriyyəsi, dizayn sənətinin tarixi və nəzəriyyəsi, kino tənqidi ixtisaslaşmaları üzrə “İncəsənət və süni intellekt” fənni tədris olunacaq.

Bununla yanaşı, kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasının kitabxana informasiya-axtarış sistemləri ixtisaslaşmasının tədris proqramına “Süni intellekt və informasiya axtarışı” fənni daxil edilib.

Yeni fənlər tələbələrə süni intellekt texnologiyalarının incəsənət, mədəniyyətin idarə olunması və informasiya sistemlərində tətbiq imkanlarını mənimsətməklə yanaşı, onların rəqəmsal bacarıqlarının, yaradıcı düşüncə tərzinin və innovativ yanaşmalarının inkişafına xidmət edəcək.

Universitetdə süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası tələbələrin yaradıcı potensialının daha da genişlənməsinə, müasir rəqəmsal alətlərdən səmərəli istifadə bacarıqlarının formalaşmasına və gələcəyin əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli mütəxəssislər kimi yetişdirilməsinə töhfə verir.

visiontv.az