Qərb liderlərinin son davranışları onların cəngəllik aşiqi olduqlarını təsdiqləyir
Qərb liderlərinin son davranışları onların cəngəllik aşiqi olduqlarını təsdiqləyir
09.12.2024 Bəybala Mirzəyev Tərəfindən

Biz şərqlilər öz dövlət başçılarımızın qeyri-demokratikliyinə artıq çoxdan öyrəşmişik. Ancaq daim "demokratiya", "hüquqi dövlət", "ədalətli seçkilər" kimi cürbəcür bərbəzəkli anlayışlardan dəm vuran və dünyanın müxtəlif ölkələrinə "demokratiya ixrac" etməyə çalışan Qərb liderlərinin qeyri-demokratik davranışları isə bizi gerçəkdən də heyrətləndirir.

Şərq (müsəlman, türk) dövlətlərinin və Qlobal Cənub dövlətlərinin (Çin, Rusiya və s.) liderləri demək olar ki, heç vaxt demokratiyadan danışmır və demokrat olduqlarını da iddia etmirlər. Çünki özləri də yaxşı bilirlər ki, onlar demokrat deyillər. Ona görə də özlərini təbii, necə varsa elə də aparırlar, saxta "demokrat" moduna girmirlər.

Ancaq qlobal sammitlərdə demokratiyadan ağzı köpüklənə-köpüklənə danışan və dünyaya "demokratiya dərsi" keçən ABŞ və Avropa liderlərinin real həyatda özlərini ən pis diktator və qanun pozucusu kimi aparmaları isə həqiqətən də inanılmazdır.

Qərb mediasının və hakim elitalarının uzun illər apardığı propaqanda nəticəsində biz şərqlilərdə belə bir illüziya yaranmışdı ki, guya, ABŞ prezidentləri, fransız və alman liderləri sözün əsl mənasında ideal demokratlardır.

Lakin 21-ci əsrin 2024-cü ili bütün illüziyaların, saxta obrazların, miflərin darmadağın olduğu superrealizm mərhələsi olduğuna görə gözümüzdəki pərdələr də yavaş-yavaş çəkilir, Qərb liderlərinin maskaları düşür və biz Baydenin, Makronun simasında demokratiyaya tüpürən, hüququ ayaqlar altına alan gerçək hakimiyyət hərislərini görürük.

Budur, prezidentliyinin son həftələrini yaşayan Co Bayden aradakı iki aylıq "pəncərə"dən istifadə edib ABŞ qanunlarını tapdalayır və öz oğlu Hanter Baydenin cinayət əməllərini bağışlayır.

Amerikalılar C.Baydenin bu addımından heyrətə gəliblər. Elə biz də şok yaşayırıq. Çünki ABŞ liderlərinin ifrat qanunpərəst olduğu təsəvvürləri ilə böyüyən nəslin nümayəndələriyik. Bayden isə öz oğlunu qanunsuz olaraq əfv etməklə bu təsəvvürlərimizi bir göz qırpımında alt-üst etdi.

Fransa prezidenti Emmanuel Makron isə öz əməlləri ilə Baydenə lap rəhmət oxutdurur.

Fransanın baş naziri Mişel Barniyenin parlamentin etimadsızlıq səsverməsindən sonra istefaya getməsinin ardınca, prezidentin də istefasını tələb edən müxalifət Emmanuel Makronun bu tələbə reaksiyasından rəsmən şokdadır.

Bir 2 nəfər şəkili ola bilər

Fransa parlamentindəki solçu müxalifət “İtaətsiz Fransa” Partiyasının parlament fraksiyasının lideri Matilda Pano növbədənkənar seçkilərin keçirilməsinin zəruri olduğunu bildirir və “Xaosun günahkarı biz deyil, 7 ildir ölkəyə rəhbərlik edən Emmanuel Makrondur. Növbədənkənar prezident seçkiləri lazımdır”,- deyərək Makronu istefaya çağırır, Makron isə yürütdüyü yarıtmaz siyasətin ölkədə böhrana səbəb olmasına görə fransızlardan üzr istəmək əvəzinə, qırmızı-qırmızı deyir ki, "hökuməti istefaya göndərsəniz də, mən istefaya getməyəcəm".

Beləliklə, biz nəticə etibarilə Qərbin hakim liberal-solçu ideologiyasının iflasa uğramasının, Demokratiya paradiqmasının çöküşünün canlı şahidlərinə çevrilirik. Başqa sözlə desək, Demokratiya demokratların özləri tərəfindən zorlanır.

Hayların mənfur "vəkil"i Cozep Borrelin Qərbi (Avropanı) cənnət, dünyanın digər bölgələrini isə cəngəllik adlandırmasının saxtakar qiymətləndirmə olduğu üzə çıxır. Çünki Qərb liderlərinin son davranışları onların da cəngəllik aşiqi olduqlarını təsdiqləyir.

P.S.

Beləliklə, ABŞ və Fransa liderləri bundan sonra dünyaya demokratiya barədə moizə oxumağa mənəvi səlahiyyətlərini itirmiş sayılırlar. Deyəsən, Tramp artıq bu həqiqəti başa düşüb, ona görə də Amerikanın özünə qapanmasına (izolyasionizm) üstünlük verir. Fransa liderlərini isə əlahəzrət zaman özü başa salacaq.

P.P.S.

Yeri gəlmişkən, Makron həm hazırkı siyasi böhranın səngiməsi və özünün istefası məsələsinin unutdurulması üçün, həm də Yeni İl ərəfəsində tətilləri və qiymət artımlarını pərdələmək məqsədilə şənbə günü Paris Notr-Dam kilsəsinin bərpadan sonra təmtəraqlı açılış törəninə ev sahibliyi etməyə hazırlaşır. Törəndə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və ABŞ-ın hazırkı birinci xanımı Jill Baydenin də iştirak edəcəyi gözlənilir.

Bəybala Mirzəyev

visiontv.az