Bu günlərdə Bakıda keçirilən toyların birində Qarabağa, xüsusilə Kəlbəcər folkloruna aid bir qədim adət canlandırılıb və sosial mediada və mətbuatda bunu başlayıblar "lağ" obyektinə çevirməyə. Video sosial şəbəkələrdə ələ salınıb. Bu "mənzərə"ni lağa qoyanlar arasında təhsili aktyor və müğənnilər də olublar.
Anlayıram, ölkədə media və TV kanallar normal folklor və adətlər ilə bağlı verlişlər hazırlamırlar. Bir çox adətlər yavaş yavaş aradan çıxır, yaşlı insanlara qulaq asmayan cavanların sayı getdikcə artır. Bəlkə də gənclərin bunu bilməməsinin günahı elm, təhsil, media və mədəniyyət xadimlərinin üzərindədir. Lakin aktyor və müğənnilərin bunu bilməməsi ən azından düzgün deyil.
Bu rəqs "Maral oyunu" adlanır. Novruz bayramında Qarabağ bölgəsindən gələn rəqs növüdür. Ən çox də Kəlbəcər bölgəsində toylarda bu oyun daha çox populyar olub. Əksər folklorşünaslar da yanlış olaraq bu oyunu "nakam sevgi" hekayəsindən götürdüyünü qeyd edirlər. Guya qız çobanı sevirmiş, qızın da uşaqlıq illərindən bəslədiyi maral daima ikisi görüşəndə yanlarında olub. Qız başqasına ərə verilib deyə özünü asır və maral da onun dəfnində belə rəqs edir. Əzizlərim şad günlərin oyunu -rəqsi olan bu xalq folkloru nümunəsi niyə "nakam sevgi" ilə bağlı olsun axı?
Əsl hekayə nədir ?
Qədimdən düz Rus işğalına qədər olan dövr ərzində Qarabağda sənətkarların professional olmasını bilmək üçün toylarda və məclislərdə musiqiçilərin və müğənnilərin ifa etdikləri zaman təbiətdə yaşam sürən heyvanların maraq göstərməsi ilə ölçülərdi. Şuşada Cıdır düzündə muğam oxuyan, tarda ifa edən zaman bülbül gəlib onun başı üzərində dururdursa onun İlahi bir sənətkar olması bəlli olurdu. Məsəl üçün Keçəçi oğlu Məhəmməd haqqında danışırlar ki, o oxuyanda bir sürü bülbül daima onun oturduğu yerdə olan ağacın budağına qonardılar. Yaxud Sadıqcan tarda ifa edəndə qumru quşları gəlib tarın üzərinə qonurdular.
Qarabağda toy zamanı dəvət edilən qaval, zurna, saz və tar ifaçıları öz ifaları zamanı meşədə olan maral, ceyran, cüyür kimi heyvanları şadlıq olan yerə gəlmələrinə səbəb olurdularsa onlara üç qat artıq nəmər verilirdi.
Məsəl üçün Kəlbəcərdə olan bir toyda zurnaçılar dəstəsi qara zurnada elə ifa edirlər ki, maral ayaq saxlayıb bu həzin musiqini dinləməkdən doymur.
Boylana-boylana qalan maralın hərəkətləri onun oynadığını göstərir. Maral yerə yataraq başını o yan-bu yana əyməklə sanki nazlanır və musiqinin ritmi ilə səsin haradan gəlməsini axtarır. Məhz o dövrdən də toylara bu adət düşür..
Bu oyunu nümayiş etdirmək üçün maral dərisi geyinmiş rəqqasdan xüsusi məharət tələb olunur. O, dizləri üstə iməkləməli, əlləri ilə maralın baş-boyun hissəsini oynatmalıdır. Bu, o qədər də asan deyil, rəqqas öz nəfəs almasına düzgün nəzarət etməli idi. Yoxsa uzun müddət bu geyimdə qalmaq nəfəs darlığı yarada bilərdi..
Buna görə Kəlbəcərin toylarında bu rəqs bəylə gəlin şadlıq yerinə gələn kimi ifa edilirdi.Bu oyunları seyr etdikdən sonra gəlinin ayağı altında qurban kəsilər və o, evə daxil olardı.
Qarabağda Maral oyunu kimi tanınan bu rəqs “keyik oyunu” və ya “dəvə oyunu” kimi də tanınmışdır.
Şəxsən mən bu qədim rəqsi Bakıda toyda görəndə çox sevindim. Demək hələ də folklorumuzu unutmayan insanlar yaşayır...
Xöşbəxt olsunlar
Zaur Aliyev, dosent
visiontv.az