Beynəlxalq Suveren Fondlar Forumunun (SFBF) Oman Sultanlığının paytaxtı Maskat şəhərində 16-cı illik iclası keçirilib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, yığıncaq çərçivəsində SFBF-nin İdarə Heyətinin yeni tərkibi müəyyən olunub. SFBF-nin Sədr müavini vəzifəsinə keçirilən seçkilərdə ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov səs çoxluğu ilə seçilib.
Qeyd edək ki, İdarə Heyətinin sədr müavini vəzifəsi üç ili əhatə edir və sözügedən müddət bitdikdən sonra birbaşa əsaslarla növbəti üç il ərzində İdarə Heyətinin Sədri vəzifəsinin icrası başlayır. İsrafil Məmmədovun bu vəzifəyə seçilməsi ARDNF-nin suveren fondların idarə edilməsində dayanıqlı və davamlı yanaşmalara sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, həm də Azərbaycanın dayanıqlı investisiyanın təşviqinə və suveren fondların idarə edilməsində qlobal ən yaxşı təcrübə standartlarının inkişafına sadiqliyinin əhəmiyyətli bir göstəricisidir.
Qeyd edək ki, SFBF məcmu vəsaitlərinin həcmi 8 trilyon ABŞ dollarından çox olan və dünyanın suveren institutlarını bir araya toplayan ilk və yeganə təşkilatdır.
Yığıncaq çərçivəsində öz ölkələrinin ən iri suveren fondları olan Sinqapur Dövlətinin İnvestisiya Korporasiyası (“GIC”) , Abu Dabi İnvestisiya Təşkilatı (“ADIA”), Çin İnvestisiya Korporasiyası (“CIC”), Avstraliyanın Gələcək Fondu (“Future Fund”) qurumlarının təmsilçiləri İdarə heyətinin üzvləri seçilib.
Katibliyi London şəhərində yerləşən SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirmişdir. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır. ARDNF-nin həmtəşkilatçılığı ilə SFBF-nin “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi” başlığı altında 14-cü illik iclası 2022-ci ildə Bakıda baş tutmuşdur.