Trampın qəfil erməniçiliyi...
Trampın qəfil erməniçiliyi...
05.11.2024 Bəybala Mirzəyev Tərəfindən

Trampla Harris arasında seçki rəqabəti iki namizədin mübarizəsi çərçivəsini çoxdan aşıb. Bu mübarizə artıq bütün insanlığın gələcəyini dəyişəcək qlobal dünya güclərinin geosiyasi mübarizəsinə çevrilib. Və Tramp bu cür böyük mübarizəni udmağın çətinliyini yaxşı anlayır.

Ona görə də bütün gücünü səfərbər edir, son “kart”larını işə salır. Bu son “kart”lardan biri də “erməni kartı”dır. Əvvəlki seçkilərdə, necə deyərlər, erməniləri heç it yerinə belə qoymayan Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp indi birdən-birə “qatı” ermənipərəstə çevrilib.

Bu baxımdan Trampın son həftələrdəki ermənipərəst jestləri, hərəkətləri diqqət çəkir.

Belə ki, Donald Trampın əvvəlcə ötən həftə (oktyabrın 24-də) özünün "Truth" sosial şəbəkə hesabında erməniləri müfadiə edən açıqlaması gündəmə çevrildi. Həmin açıqlamasında o, rəqibi Kamala Harrisi ABŞ-ın vitse-prezidenti kimi 2023-cü ilin 19-20 sentyabrında Azərbaycan Ordusunun lokal antiterror əməliyyatı zamanı “xristian erməniləri Qarabağdan kütləvi şəkildə köçərkən heç bir şey etməməkdə” suçladı, ermənilərin müdafiəsinə qalxdı.

“120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə və Artsaxdan məcburi köçkün düşəndə Kamala Harris heç nə etməyib. Kamala Harris Amerika Birləşmiş Ştatlarının prezidenti olarsa, dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar. Mən prezident olanda təqib olunan xristianları qoruyacağam, zorakılığın və etnik təmizləmənin dayandırılması üçün çalışacağam və biz Ermənistanla Azərbaycan arasında sülhü bərqərar edəcəyik”, - deyən Tramp həmin açıqlaması ilə ermənilərin “vəkil”i kimi təəssürat bağışladı.

Və heç şübhəsiz ki, Trampın bu açıqlaması dünya erməni lobbisi tərəfindən sevinclə qarşılandı. Ermənilər Trampın açıqlamasını həm mediada, həm də sosial şəbəkələr üzərindən kütləvi şəkildə tirajladılar.

Erməni politoloq Suren Sarkisyanın Trampın açıqlamasına dair bu şərhi isə məsələyə bir qədər də aydınlıq gətirdi və məlum oldu ki, indi bir çox tanınmış ermənipərəstlər məhz Trampın seçki komandasında yer alır: “”Artsax” adı ABŞ-da nadir hallarda istifadə olunur. Həmin istifadəçilər arasında keçmiş Respublikaçı prezidentliyə namizədlər Ramasvami, Kennedi, Demokratlardan prezidentliyə keçmiş namizəd və indi respublikaçı Tulsi Gebhardt da var. Bu gün onların hamısı Trampın komandasındandır və istisna etmirəm ki, onların bu cür açıqlamanın verilməsinə təsiri ola bilər”.

Lakin Tramp bu açıqlaması ilə də yetinmədi. O, seçkiyə cəmi bir neçə gün qalmış daha bir xoşagəlməz addım ataraq ABŞ-dakı erməni lobbisini məmnun edən növbəti hərəkətə yol verdi. Belə ki, Donald Tramp dünya ermənilərinin iki əsas dini rəhbərindən biri olan Böyük Kilikiya Evinin katolikosu I Arama zəng edərək, növbəti dəfə qondarma “artsax” ermənilərinə dəstəyini ifadə edib.

Bu faktı sözügedən katolikosluğun mətbuat xidmətinin Ermənistan KİV-nə göndərdiyi məlumat da təsdiqləyir.

“Prezident Tramp bu yaxınlarda Birləşmiş Ştatlara səfərini başa vuran I Aramın rəhbərliyini təqdir edib, Artsax ermənilərinə dəstəyini və regionda sülhə sadiqliyini bir daha təsdiqləyib”, - katalikosluğun məlumatında deyilib.

Məlumatda daha sonra bildirilib ki, Tramp I Aramla söhbətində həmçinin erməni-amerikan icmasını güclü və dinamik qüvvə kimi qiymətləndirib.

I Aram da heç şübhəsiz ki, ənənəvi erməni xislətinə sadiq qalaraq Trampın ünvanına təriflər yağdırıb və ona erməni xalqını dəstəklədiyinə dair açıq bəyanatına görə minnətdarlığını bildirib.

Lakin hiyləgər erməni katolikosu təkcə təşəkkür etməklə kifayətlənməyib. O, eyni zamanda ümidvar olduğunu bildirib ki, Tramp administrasiyasının gəlişi ilə Birləşmiş Ştatlar ermənilərin Qarabağa geri qayıtmaq hüququnun təmin edilməsi, təhlükəsizlik və statusun beynəlxalq təminatları və etnik mənsubiyyətə görə cavabdehlik məsələsi ilə ciddi məşğul olacaq. I Aram həmçinin ABŞ-ın yeni administrasiyasında aktiv erməni təmsilçiliyinə ümid etdiyini və Amerika Erməni Apostol Kilsəsinin Erməni Şərq və Qərb Yeparxiyaları və Amerika Erməni Milli Komitəsi ilə Ağ Evin açıq dialoquna ehtiyac olduğunu da bildirib.

Göründüyü kimi Trampın erməni katolikosu ilə telefon söhbəti sadəcə nəzakət zəngi yox, əsl sövdələşmə söhbəti olub. Tramp bu cür açıq ermənipərəst mövqe sərgiləməklə hətta Kamala Harrisi də kölgədə qoyub.

Bu isə o deməkdir ki, ötən seçkilərdən fərqli olaraq bu dəfə prezident seçkiləri öncəsində açıq şəkildə erməni əsilli seçicilərin dəstəyini və səsini qazanmağa yönəlmiş bu addımı ilə Donald Tramp, qalib gələcəyi təqdirdə erməni lobbisi və erməni kilsəsi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün müəyyən addımlar atmalı olacaq. Bu da hüç şübhəsiz ki, ABŞ-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcək.

Trampın seçkidə qalib gəlməkdən ötrü öz prinsipiallığından vaz keçməsi və erməni lobbisi qarşısında reverans etməsi sözsüz ki, dərin təəssüf hissi doğurur...

(ardı var)

Yazının əvvəli bu keçiddə:

https://visiontv.az/.../zibil-temizleyen-ve-ya-tarixde...

Bəybala Mirzəyev

visiontv.az