Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyədə səfərdədir
07.09.2020

Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyədə səfərdədir.

Visiontv.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, qeyd olunan İdarənin rəhbəri Fəxrəddin Altun və Azərbaycan prezidentinin köməkçisi – Prezidentinin Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş keçirilib.

Məlumata əsasən, Fəxrəddin Altunla Hikmət Hacıyevin təkbətək görüşündən sonra iki ölkənin media sahəsindəki yüksək səviyyəli rəsmilərinin iştirakı ilə heyətlərarası toplantı keçirilib.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov daxildir.

Toplantıdakı çıxışında Türkiyə və Azərbaycanın mənafelərinə qarşı müxtəlif təhdidlərin olduğunu qeyd edən Fəxrəddin Altun bu təhdidlərin birbaşa olaraq, türk millətinə və türklüyə qarşı yönəldiyini vurğulayıb.

Bu təhdidlərlə yalnız hərbi sahədə qarşılaşmadıqlarını vurğulayan Altun müəyyən qüvvələr tərəfindən Türkiyə və Azərbaycana qarşı “etibarsızlaşdırma” siyasətinin həyata keçirildiyini deyib.

Türkiyə və Azərbaycanın hər zaman olduğu kimi, “Bir millət, iki dövlət” prinsipi ilə hərəkət etdiyini diqqətə çatdıran Fəxrəddin Altun Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin bu qardaşlığı bütün dünyaya sübut etdiyini bildirib:

“Bu qardaşlığımızı son illərdə artan əməkdaşlığımızla gücləndirdik. Xüsusilə də Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin funksiyası çərçivəsində olan bütün məsələlərdə Azərbaycanla daha da yaxın əməkdaşlıq etmək niyyətindəyik.
Beynəlxalq nizamın dağılmaq üzrə olduğu, yeni dünya düzəninin isə hələ qurulmadığı indiki xaos şəraitində hər sahədə olduğu kimi, rabitə sahəsində də ancaq birgə əməkdaşlıq sayəsində uğur qazana bilərik.

Cənab Prezidentimizin Bakıya səfərləri çərçivəsində təməllərini atdığımız yeni anlaşmaları konkret addımlara çevirmək istəyirik. Qlobal şərtlərə nəzər salsaq, bunun bir seçim deyil, zərurət olduğunu görə bilərik.

Türkiyə və Azərbaycana hücum edənlər, dövlətlərimizin əleyhinə dezinformasiyalar yayanlar, etibarszılaşdırma siyasəti yürüdənlər, vətəndaşlarımızın canına, malına qəsd edənlər bir olduğuna görə bizə də ancaq bir olmaq, iri olmaq, diri olmaq düşər.

Dürüst məlumatın sürətli şəkildə milli və beynəlxalq ictimaiyyətə çatıdırılmasından tutmuş yalan xəbər və dezinformasiyalarla mübarizəyə qədər Türkiyə və Azərbaycan arasında geniş əməkdaşlıq ediləcək.

Bu nöqtədə Türkiyə-Azərbaycan Media Platforması qurmaq qərarına gəldik. Bu platforma vasitəsilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsini, xalqların məlumatlandırılması üçün effektiv fəaliyyət göstərilməsini, xüsusilə də sosial şəbəkələrdə yayılan yanlış məlumatları və mənfi təbliğatlarla mübarizədə birgə startegiyalar müəyyənləşdirilməsini dəyərləndirdik”.
Azərbaycan prezidentinin köməkçisi – Prezidentin Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin əldə etdiyi bütün uğurların Azərbaycanda da böyük mənunluq doğurduğunu qeyd edib və iki ölkənin media qurumları arasında əməkdaşlığın daha da güclənəcəyinə əminliyini vurğulayıb:

“Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanındadır. Qardaş Türkiyənin iqtisadiyyatdan xarici siyasətədək hər sahədə əldə etdiyi uğurlara Azərbaycan ürəkdən sevinir.

Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, ilk növbədə, hər iki ölkənin qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərir.

Bu baxımdan, hər iki ölkənin dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcək”.

Yenicag.az