"Overton pəncərəsi"ni açanlarımız: Və ya söyüşlü filmlərimiz...
"Overton pəncərəsi"ni açanlarımız: Və ya söyüşlü filmlərimiz...
26.04.2024 Bəybala Mirzəyev Tərəfindən

Son vaxtlar rejissorlarımız küçə söyüşlərinin, vulqar ifadələrin bolluca yer aldığı bir-iki bədii film və serial çəkiblər. Və onlar bunu öz aləmlərində cəsarət nümunəsi, yenilik, anderqraund flan hesab edirlər. Ancaq əsl həqiqətdə isə həmin rejissorların dünya kinosundan, daha doğrusu, dünya kinematoqrafiyasındakı yeni tendensiyalardan, cərəyanlardan, dəblərdən xəbərləri yoxdur.

Bizim rejissorlarımız hələ də ötən əsrin 90-cı illərində və ya 2000-ci illərin əvvəllərində ilişib qalıblar. Ancaq söyüşlü filmlər "moda"sı Qərbdə artıq çoxdan köhnəlib. Bizim kinematoqrafçılar isə çox gec ayılıblar.

Lakin onlar heç olmasa özlərində biraz məsuliyyət hiss edib anlamalıdırlar ki, vaxtı keçmiş zərərli dəbləri ölkəmizə gətirmək, cəmiyyətimizə aşılamaq lazım deyil. Bir sözlə, küçə leksikonunun yer aldığı filmlər televiziyaya ayaq açmamalıdır. Bu, mədəniyyət deyil, sənət deyil, kültür inqilabı deyil. Bu bir ötəri dalğa idi ki, artıq çoxdan arxada qalıb.

Ayrıca olaraq Hollivud filmləri də bizim üçün müsbət örnək ola bilməz. Əgər örnəyə ehtiyacımız varsa da, elə Norveç, İsveç, Danimarka, Almaniya, Böyük Britaniya seriallarından, filmlərindən nümunə götürək, daha Hollivuddan yox!

Çünki adını çəkdiyim ölkələrin seriallarında söyüşə demək olar ki, rast gəlmək mümkün deyil. Hətta ermənipərəst ölkə kimi tanıdığımız və ultra-müasir Qərb mədəniyyətinin, seksual inqilabın beşiyi hesab olunan Fransada çəkilən filmlərin də böyük əksəriyyətində söyüş leksikonuna rast gəlmək mümkün deyil.

Odur ki, hörmətli rejissorlarımız özlərini gerçəkdən də qərbpərəst, avropalı, yenilikçi və s. hesab edirlərsə, o zaman Qərbdən ölkəmizə nümunəvi təcrübələri gətirsinlər, “Overton pəncərəsi”nin daha da geniş açılmasına şərait yaradan yad ideyaları, insanlığın rədd etdiyi yad dəyərləri yox!

Sadəcə "Sənət sənət üçündür" kimi çürük və köhnəlmiş nəzəriyyə ilə yaşamayın. Sənətkar yanaşmanızla bərabər, heç olmasa, biraz da vətəndaş mövqeyiniz, milli yönünüz olsun. Başınız yaradıcılıq prosesinə qarışarkən özünüzü tam olaraq KOSMOPOLİT kimi aparmayın. Yaddaşınızın bir küncünə, ruhunuzun lap uzaq hücrəsinə həm də türk-islam ölkəsinin təmsilçisi olduğunuzu yazın, həkk edin.

P.S.

Ən pisi də budur ki, bu filmlərin təqdimatına dəvət olunan və bizim də ziyalı sandığımız, milli adam hesab etdiyimiz şəxslər (yazarlar, jurnalistlər, ictimai təşkilat rəhbərləri və s.) sosial şəbəkə hesablarında bəh-bəhlə paylaşımlar edir və söyüşlə dolu həmin filmlərin piarı ilə məşğul olurlar...

Qeyd:

"Overton pəncərəsi" (Overton window) - ictimai əxlaqa zidd olan hər şeyin leqallaşdırılması texnologiyası, ictimai rəydə oturuşmuş tabuların, qaydaların və təsəvvürlərin gizli və ya açıq yolla tədricən dəyişdirilməsi modeli hesab olunur.

visiontv.az