Prezidentin 5 min dollarlıq "cənnət" vədi...
12.09.2026

Amerika kommunist ölkəsi olacaq? Tarixə qeyri-ciddi münasibət nəyə səbəb olur? Qəribə, həm də çox qəribə sualdır, deyilmi?

Amma hər nə qədər qəribə görünsə də, Donald Tramp məhz belə düşünür.

ABŞ-ın hazırkı lideri öz sözlərinə heç bir bəzək-düzək vurmadan, elə bu cür də deyib: "Demokratlar qələbə qazansa, Amerika kommunist ölkəsinə çevriləcək".

D.Tramp bu fikri Respublikaçılar Partiyasının qurultayında səsləndirib. Belə ki, o bildirib ki, əgər bu il demokratlar Konqresə aralıq seçkilərdə qalib gəlsələr, ABŞ kommunistlərin ölkəsinə çevriləcək.

Tramp bu iddiasını onunla əsaslandırır ki, özlərini demokratik sosialist adlandıranlar (yəni Demokratlar Partiyasının üzvləri) əslində sosializmi çoxdan arxada qoymuş kommunistlərdir.

Lakin Tramp çıxışında ölkəsinin heç vaxt sosialist olmayacağını bildirib. O, demokratların qalib gələcəyi təqdirdə, ABŞ-ın kommunist rejiminə qədəm qoyacağını vurğulayaraq kommunizmlə mübarizədə qalib gələcəyini vəd edib.

Bu fikirlər Trampın sosializm, kommunizm və kapitalizm barədə nəzəri-ideoloji biliklərinin həddindən artıq bəsit olduğunu bir daha aydın göstərir.

Trampın müavini (ABŞ vitse-prezidenti) Cey Di Vens də öz "boss"u kimi ideoloji, fəlsəfi, tarixi mövzularda dərin təsəvvürə malik deyil.

Vens bugünlərdə verdiyi açıqlamalardan birində Rusiya-Ukrayna müharibəsinə toxunaraq bildirdi ki, "İkinci Dünya müharibəsi də daxil olmaqla, onsuz da bütün müharibələrin sonda sülh danışıqları ilə başa çatdığını bilirik".

Vitse-prezidentin bu fikri kökündən səhvdir. Tarixdə baş vermiş müharibələrin heç də hamısı sülhlə başa çatmayıb. Həmçinin İkinci Dünya müharibəsi də sülh danışıqları ilə yox, Hitler Almaniyasının qeydsiz-şərtsiz kapitulyasiyası ilə başa çatıb (bir müharibənin sülh danışıqları ilə, yoxsa qeydsiz-şərtsiz kapitulyasiya ilə başa çatması tamam fərqli şeylərdir).

Hitler hərbi cani hesab olunduğuna görə heç bir dövlət (nə ABŞ və İngiltərə, nədəki keçmiş SSRİ) onunla danışıq aparmayıb.

Bu gün Putin də Hitlerin yoluyla gedir. Belə bir müharibə "tanrı"sı ilə sülh danışıqları aparmaq anlamsız və yersizdir.

Vens isə elementar tarixi biliklərini artırmaq barədə düşünməlidir. Çünki tarixə bu cür barmaqarası, qeyri-ciddi münasibət tarixin təkrarlanmasına (həm də daha eybəcər şəkildə) təkrarlanmasına səbəb olur...

Bu arada tarixin dərslərini qətiyyən vecinə almayan Donald Tramp isə Tramp amerikalılara pul paylayacağını (hər kəsə 5 min dollar) bəyan edib.

O, ötən gün Dallasda Respublikaçılar Partiyasının qurultayında çıxışı zamanı, partiyanın Senat və Nümayəndələr Palatasına keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə, bu ödənişi edəcəyini, hər bir yetkin vətəndaşa 5 min dollar ödəyəcəyini vəd edib.

Bu, amerikalı seçicilərlə əsl bazarlıqdır. Yəni ki, Respublikaçılar Partiyasına səs verən hər bir şəxsə 5 min dollar verəcəklərini artıq açıq şəkildə deyirlər.

Bir görün Amerika haradan haraya yuvarlandı... Əvvəllər bütün ölkələrin daxili işlərinə müdaxilə edən, şəffaflıq və səsvermə pozuntuları bəhanəsi ilə seçki proseslərinə burnunu soxan Birləşmiş Ştatların özündə belə, indi açıq şəkildə seçicilərin səslərinin satın alınmasını müşahidə edirik.

Bəli, ənab Tramp Amerikanın siyasi mühitini bu dərəcədə eybəcərləşdirdi. Düzdür, elə Demokratlar Partiyasının da hökmranlığı dövründə siyasət kirli oyunlar meydanına çevrilmişdi. Ancaq Tramp isə artıq siyasəti açıq bazara çevirib. Və hətta o, bunu heç gizlətmir də. Elə buna görə də nəzərdə tutduğu 5 minlik pul ödənişini “Tramp dividendləri” adlandırıb. Trampın həm iqtisadi, həm də ideoloji baxımdan populist davranışı göz qabağındadır. Bir sözlə, Donald Trampı siyasi populizm, ideoloji sadəlövhlük və bazarlaşmış siyasət simvoludur.

P.S. Beləliklə, Tramp da kommunizmlə belə mübarizə aparır. Yəni öz bildiyi, başa düşdüyü tərzdə. Amma ABŞ kimi bahalı bir ölkədə kapitalizm "cənnət"inin qapılarını 5 min dollarlıq kiçik pulla açmaq əsla mümkün deyil. Belə kiçik məbləğlə “kapitalizm cənnəti”nə bilet vermək ancaq Tramp kimi işbazın ağına gələ bilərdi.

Bəybala Mirzəyev

visiontv.az