Məsud Pezeşkian hakimiyyətə gəldiyi son 1 il ərzində seçki kampaniyası zamanı verdiyi vədlərin bir çoxunu yerinə yetirə bilməsə də, lakin təmsil etdiyi fars-molla rejiminin yarıtmaz siyasətini öz tənqidi çıxışları ilə ifşa etməyə davam edir.
Onun bugünlərdə öz doğma şəhəri Urmiyaya səfəri əsnasında səsləndirdiyi sensasiyalı fikirlər də buna əyani sübutdur.
Belə ki, İran prezidenti Urmiyada çıxışı zamanı şəhərin hazırkı acınacaqlı durumuna təəssüf etdiyini bildirib və eyni zamanda, ətraf mühitin çirkləndirilməsini, təbii resursların dağıdılmasını kəskin tənqid edib.
Urmiyanı Fransanın paytaxtı ilə müqayisə edən M.Pezeşkian, şəhərin hazırkı bərbad duruma düşməsinin səbəbkarını da göstərib: “Urmiya bir vaxtlar İranın Parisi sayılırdı, biz isə onu bu vəziyyətə saldıq”.
Yeri gəlmişkən, Pezeşkian bu fikirləri Urmiya gölünün quruması fonunda səsləndirib. Bildiyimiz kimi Güney Azərbaycanın milli simvolu olan Urmu gölü də bu yaxınlarda tamamilə quruyub.
Məsud Pezeşkian rəhbərlik etdiyi İran İslam Respublikasını həmçinin neft və qazı olmayan Türkiyə, Cənubi Koreya və Yaponiya ilə də müqayisə edib:
“Türkiyənin nefti, qazı yoxdur, Yaponiya və Cənubi Koreyada da neft yoxdur. Onlar nefti pulla alırlar, amma bizdən öndədirlər, yaşayış şəraiti də çox yaxşıdır. Bizim isə neftimiz, qazımız var, amma xalqımız acdır".
İran prezidenti Məsud Pezeşkianın bu cür tənqidi fikirlər səsləndirməkdə məqsədi, əlbəttə, molla rejimini İran xalqının gözündən salmaq deyil. Əksinə, o, problemlərin səbəblərini göstərməklə və onları aradan qaldırmağa səsləməklə, əslində, molla rejimini xilas etmək istəyir.
Lakin molla rejiminin Pezeşkianın təklif etdiyi tərzdə köklü islahatlara gedəcəyi isə ciddi şübhə doğurur. Çünki bu cür rejimlərin xisləti, xarakteri heç vaxt dəyişmir.
P.S.
Bu fotoşəkillər Urmiya şəhərinin görüntüləridir.
Bəybala Mirzəyev
visiontv.az