Pekindən İsrail seçkiləri və sonrasına baxış
03.11.2026

Çin beyin mərkəzləri, həmçinin strateji və kəşfiyyat dairələri məsələn, Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutu (CICIR) və Çin Sosial Elmlər Akademiyası (CASS) İsraildəki seçkilərə Yaxın Şərqdə yeni geosiyasi tarazlığın yenidən formalaşdırılması baxımından həlledici bir məqam kimi yanaşırlar. Onlar hesab edirlər ki, Binyamin Netanyahunun hakimiyyətdən getməsi orta və uzunmüddətli perspektivdə Çinin maraqlarına xidmət edə bilər.

Siyasi təhlillərə və Yaxın Şərq məsələləri ilə məşğul olan Çin tədqiqat mərkəzlərinin mövqeyinə əsasən, Çin İsrail seçkiləri ilə bağlı rəsmi siyasətində həmişə dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini əsas götürüb və hər hansı konkret partiyaya və ya namizədə açıq şəkildə üstünlük verməkdən çəkinib. Bununla belə, Pekin seçkilərin nəticələrinə özünün geosiyasi və iqtisadi maraqları kontekstində, tamamilə praqmatik və çevik bir mövqedən yanaşır.

Çinin İsrail ilə münasibətlərinin iqtisadi və texnoloji perspektivi və Çinin Təl-Əvivdəki investisiyaları üçün sabit bir mühit istəyir. Çinin İsrailə investisiyaları var. Çin liman və dəmir yolları kimi İsrail infrastrukturuna investisiyalarının artırılmasına və texnoloji tərəfdaşlıqlarına böyük əhəmiyyət verir. in dairələri hesab edir ki, illərlə Pekinlə geniş iqtisadi və texnoloji açıqlıq siyasəti yürüdən Netanyahu, Qəzza müharibəsindən sonra bu yanaşmadan tamamilə imtina edib. O, Çinin ziyanına olmaqla, tamamilə Amerika oxu ilə üst-üstə düşən ideoloji mövqe tutub. Çin kəşfiyyat hesabatlarında Netanyahunun Pekini media blokadasına rəhbərlik etməkdə və TikTok kimi platformalar vasitəsilə İsrail əleyhinə təbliğat yaymaqda birbaşa ittiham etməsi narazılıqla qeyd olunur. Bu vəziyyət Çin beyin mərkəzlərinin Netanyahunun hazırkı hökumətini "problem yaradan" və Çinin beynəlxalq imicinə zərər vuran bir qüvvə kimi xarakterizə etməsinə səbəb olub.

Çin siyasi dairələri hesab edirlər ki, Netanyahunun hakimiyyətdən getməsi və mərkəz-sol, yaxud mötədil hərbi xarakterli bir hökumətin formalaşması İsrailin Vaşinqtonla olan köklü müttəfiqliyini dəyişdirməyəcək, lakin Təl-Əvivin xarici siyasətinə rasionallığı və ənənəvi diplomatiyanı qaytaracaq. Pekin hesab edir ki, yeni İsrail hökuməti Çinlə şifahi və siyasi qarşıdurmanı gərginləşdirməyə daha az meylli, regional gərginliyin azaldılmasına yönəlmiş razılaşmalara qarşı isə daha çevik olacaq. Bu da Pekinə, Netanyahunun sərt mövqeyi ilə birbaşa toqquşmadan, regional sülh vasitəçisi qismində manevr etmək üçün daha geniş imkanlar yaradacaq.

Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün qorunması əsasdır. Pekin hesab edir ki, Benyamin Netanyahunun rəhbərlik etdiyi ifrat sağçı İsrail hökumətinin hərbi gərginliyi davam etdirməsi, Çinin Qırmızı dəniz və Şərqi Aralıq dənizindəki həyati əhəmiyyətli ticarət yolları və təchizat zəncirləri üçün təhlükə yaradır. Nəticə etibarilə, Pekin üçün Netanyahunun gedişi, onun investisiyalarını və iqtisadi maraqlarını qoruyacaq regional gərginliyin azalması prosesinin başlanğıcı deməkdir. Çin Benyamin Netanyahunun hakimiyyətdən getməsini və onun yerinə daha praqmatik, işgüzar və çevik bir İsrail hökumətinin gəlməsini İsraili Çin düşərgəsinə çəkmək istəyi ilə deyil, daha çox Pekinin Körfəz ölkələri və İranla iqtisadi maraqlarına təhlükə yaradan regional gərginliyi azaltmaq, həmçinin Netanyahunun hakimiyyətinin son dövrlərində Çinə qarşı nümayiş etdirdiyi birbaşa şəxsi və siyasi düşmənçiliyə son qoymaq məqsədi ilə əlaqələndirir.

Pərviz Əliyev

visiontv.az