İslam Respublikası hakimiyyətinin Halloween tədbirlərini qadağan etməsinə baxmayaraq, sosial şəbəkələrdə yayılan görüntülər Tehranda və İranın bir sıra digər şəhərlərində insanların bu bayramı qeyd etdiyini göstərir.
Paylaşılan kadrlarda xüsusi geyimlər geyinən, üzlərini müxtəlif obrazlarda makiyaj edən və avtomobillərini Halloween simvolları ilə bəzəyən şəxslər görünür.
Tehranla yanaşı, Şiraz, Məşhəd və Buşehrdə də bayram geyimləri və makiyajı ilə küçələrə çıxan insanların görüntüləri yayılıb.
Bu görüntülər İranın rəsmi qurumların Halloween ilə əlaqəli mərasim və toplantıları qadağan etdiyi barədə açıqlamasından sonra yayılıb. Qərara əsasən, kafe, restoran və digər ticarət obyektlərinə Halloween mövzulu məhsulları reklam etmək və satmaq da qadağan edilib. Qurumlar qaydaları pozan obyektlərin bağlanacağı və cavabdeh şəxslərin məhkəmə orqanlarına təhvil veriləcəyi barədə xəbərdarlıq edib.
visiontv.az