Regional bağlantıların genişləndirilməsi TRİPP yolunun daha qısa zamanda reallaşmasına kömək olacaq
03.11.2026

Regional bağlantıların genişləndirilməsində Zəngəzur dəhlizi və "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRİPP) yolunun daha qısa zamanda reallaşmasının xüsusi rolu olacaq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində avtomobil yolunun 95%-i, dəmir yolunun isə 75%-i artıq inşa edilib. 2 gün öncə Ermənistan parlamenti ABŞ ilə TRİPP layihəsi üzrə Strateji Əməkdaşlıq Çərçivə Sazişini ratifikasiya edib.

Zəngəzur dəhlizinin illik ötürmə qabiliyyətinin 15 milyon ton olacağı nəzərdə tutulur. Dəhlizin açılması nəticəsində ümumi Orta Dəhlizin ötürmə qabiliyyətinin 10–12 milyon ton artacağı gözlənilir. Dəhlizin tam işə düşməsi və Ermənistan ərazisindən keçən 42 kilometrlik hissənin tamamlanması ilə Asiyadan Avropaya yüklərin daşınma müddəti 12–15 günə enəcək.

Azərbaycan Prezidentinin forumda qeyd etdiyi kimi, nəqliyyatda bağlantıların beynəlxalq gündəmdə ən əsas məsələlərdən biri olduğunu nəzərə alsaq ölkəmiz bu məsələdə xüsusi rola malikdir. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 %-nin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək. Bu həmçinin Azərbaycanın formalaşdırdığı düzənin yaratdığı sülhün iqtisadi dividentləri deməkdir.

Millət vəkili Vüqar Bayramov

visiontv.az