Laricani: Atom bombası hazırlamaq bizim üçün oyuncaq kimidir!
03.11.2026

İranın Fundamental Elmlər üzrə Tədqiqat Mərkəzinin rəhbəri Məhəmməd Cavad Laricani qalmaqallı açıqlamasında atom bombası hazırlamağın İran üçün çətin olmadığını və qərar veriləcəyi təqdirdə bunun “oyuncaq kimi” asan başa gələcəyini iddia edib.

Laricani bu yaxınlarda “Cərəyan” televiziya proqramında çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın İranın hərbi və nüvə imkanları ilə bağlı fikirlərinə münasibət bildirərək deyib: “İstəsək, atom bombası hazırlamaq bizim üçün oyuncaq kimidir.”

O, ABŞ prezidentinə xitabən əlavə edib: “Başqa şeyləri hazırlayanda səndən icazə almışıq ki? Qərar versək də, səndən icazə almayacağıq.”

Fundamental Elmlər üzrə Tədqiqat Mərkəzinin rəhbəri daha sonra İranın nüvə sənayesində Pakistan, Hindistan və İsraildən irəlidə olduğunu iddia edib.

Bu açıqlamalar İran rəsmilərinin ölkənin nüvə proqramının dinc məqsəd daşıdığını dəfələrlə bəyan etdiyi bir vaxtda səsləndirilib. Laricaninin sözləri İran hakimiyyətinin nüvə silahı əldə etmək imkanları barədə ritorikasındakı ziddiyyətləri yenidən gündəmə gətirib.

Laricani atom bombası hazırlamaq imkanından danışsa da, belə bir qərarın siyasi iradədən asılı olduğunu bildirib. Bu mövqe ABŞ və İsraillə nüvə gərginliyinin davam etdiyi bir vaxtda İranın nüvə proqramının son məqsədləri ilə bağlı narahatlıqları artırır.

visiontv.az