Rəsmi Moskva Ermənistanı açıq şəkildə "ya bizlə, ya Avropa ilə" dilemması qarşısında qoyub. Bişkekdə keçirilən Putin-Paşinyan görüşündə bu mesaj bir daha açıq formada dilə gətirildi. Bu baxımdan Paşinyanın Moskvaya gözlənilən səfəri sadə protokol görüşləri ilə müşahidə olunmayacaq.
Bu, Ermənistanın növbəti 5-10 illik geosiyasi kursunun müəyyənləşəcəyi danışıqlar ola bilər. Paşinyan isə Moskavadan əvvəl bu gün tələm-tələsik Parisə uçubdur. Görünür Paşinyan Rusiya səfərindən əvvəl Ermənistanın Avropada himayədarı rolunda çıxış edən Makron Fransası ilə növbəti addımlarını müzakirə etməyə gedib. Yəni İrəvan Kremlin təzyiqini yumşaltmaq və Putinlə görüşə daha güclü mövqedə getmək üçün Parisdən siyasi “sığorta” almağa çalışır. Bəllidir ki, 2020-ci dən sonra Paris İrəvana siyasi və hərbi-texniki dəstək verir. CAESAR topları, radarlar, hərbi müşavirlər, bunlar heç də simvolik deyil. Bunlar Fransanın Ermənistana verdiyi real hərbi dəstəkdir. O cümlədən Fransadakı 500 minlik erməni diasporu və Senatdakı güclü ermənipərəst qrup İrəvana Avropa institutlarında səs verir. Fransa prezidenti Makron isə Qafqazda Rusiyanın təsirini zəiflətməyi özünün geosiyasi layihəsi hesab edir. Ona görə Paşinyan üçün Paris anti-Kreml çətiridir. Rusiya bu gün İrəvana 3 xəttlə təzyiq edir. KTMT-dən çıxma hədəsi, qaz və enerji asılılığı, “Zəngəzur dəhlizi” ətrafında ritorika. Paşinyan isə Parisdə Makrondan 2 şey alır, ictimai dəstək bəyanatı və “əgər təzyiq artsa, Avropa Birliyi-Fransa sanksiya və diplomatik dəstək verəcək zəmanəti. Bu isə Moskvada İrəvanı sıxsaq, o tamamilə Qərbə gedəcək qorxusunu artırır. Buna görə Paşinyan Moskvaya boş əllə getmək istəmir. Onun əlində Parisdən gətirməyə hazırlaşdığı 2 “kart” var. Bir. Qərb alternativinin olması. İki. “Biz Rusiyasız da yaşaya bilərik” tezisini faktla sübut etmək. Yəni Paris Paşinyanın Moskvada mövqeyini möhkəmləndirmək üçün arxa cəbhədir. Paşinyan həmçinin Moskvadan əvvəl Parisə səfər etməklə daxili auditoriyaya da mesaj verir. Hazırda Ermənistanda ictimai rəyin demək olar ki, tən yarısı 50%-i hələ də Rusiyaya ümid bəsləyir. Amma gənclər və şəhər elitası Qərbə baxır. Paşinyan isə Makronla çəkilən fotolarla daxildə deyir ki, baxın, biz tək deyilik. Rusiya bizə təzyiq etsə də Avropa bizi qucaqlayır. Təbii ki, Fransanın Ermənistanın himayədarı kimi çıxış etməsi Makron üçün də qazancdır. Fransa üçün bu Ermənistana xeyriyyə missiyası yox, geosiyasətdir. 200 ildən çoxdur Rusiyanın monopolu olan regionda Fransa Ermənistanın hesabına hərbi və diplomatik aktora çevrilmək fürsəti əldə edib. Bununla belə Ermənistanın Paris körpüsünün 2 zəif yeri var. Bir. Hərbi zəmanət yoxdur. Fransa NATO üzvüdür, amma Ermənistana heç bir hərbi zəmanət vermir. İki. İqtisadi asılılıq. Ermənistanın qazı, neft məhsulları, nüvə yanacağı və sair 80%-i Rusiyadan asılıdır. Bunu 1 səfərlə əvəz etmək mümkün deyil. Nəticə olaraq deyə bilərəm ki, Paşinyanin Paris-Moskva marşrutu klassik “çoxvektorlu siyasət” deyil. Bu, “təhlükəsizlik diversifikasiyasıdır”. Məntiq belədir. Rusiyanı tam itirmək olmaz, çünki asılılıq var. Amma tək Rusiyaya da güvənmək olmazi.
Əslində isə Azərbaycanın 2-ci Qarabağ müharibəsindən sonra regionda yaratdığı yeni realllıq tamam başqa tezisə söykənir. Bu reallıq Qafqazda artıq “ya Rusiya, ya Qərb” dövrü bitdi tezisini gündəmə gətirib. Yəni yeni dövrün adı “hər ikisindən istifadə et, amma heç birinə tam etibar etmə”dir.
Şöhrət El-Dəniz
visiontv.az