Azərbaycanda son sahibsiz it hücumları cəmiyyətdə küçə itlərinə qarşı mübarizə çağırışları yaradıb. Amma bu mübarizə heyvanları öldürərək icra oluna bilməz. Çünki heyvan populyasiyalarının idarə edilməsində öldürmə və ya kütləvi təcrid metodları ekoloji qanunauyğunluqlar səbəbilə həmişə uğursuzluğa düçar olur. Populyasiya biologiyasında bu proses "vakuum effekti" adlanır. Hər bir ərazinin qida tullantıları və sığınacaqla müəyyən olunan təbii daşıma tutumu vardır. Ərazidəki itlər məhv edildikdə resurslar dəyişməz qalır, yaranan boşluğu doldurmaq üçün qonşu zonalardan yeni, peyvəndlənməmiş və aqressiv fərdlər axışır, qalan itlərin isə doğum faizi kəskin artır.
Bu reallığı ən aydın göstərən iki nümunə Gürcüstan və Türkiyə təcrübəsidir:
Türkiyə nümunəsi (Yarımçıq icra və vakuum tələsi): Türkiyə qanunvericilikdə TQP nəzərdə tutsa da, bələdiyyələrin əksəriyyəti lazımi qısırlaşdırma tempini təmin etmədi (illik kvota aşağı qaldı) və bəzi yerlərdə itlər sadəcə qonşu rayonlara və meşələrə atıldı. Nəticədə vakuum effekti işə düşdü, populyasiya nəzarətsiz böyüdü və ölkə 2024-cü ildə sığınacaq tutumunun çatışmazlığı ilə müşayiət olunan ciddi hüquqi və ictimai böhranla üz-üzə qaldı.
Gürcüstan nümunəsi (Mərkəzləşdirilmiş TQP və sabitləşmə): Tbilisi və Batumi kimi şəhərlərdə beynəlxalq təşkilatların dəstəyi ilə kütləvi peyvəndləmə, qısırlaşdırma və birkalama tətbiq edildi. Əraziyə qaytarılan qısırlaşdırılmış itlər təbii bioloji baryer rolunu oynayaraq kənardan yeni itlərin gəlməsinin qarşısını aldı və quduzluq riskini minimuma endirdi.
TQP (Tut – Qısırlaşdır – Peyvəndlə – Burax) metodunun əsas fəlsəfəsi təbiətin bu mexanizmindən istifadə etməkdir. Qısırlaşdırılmış və peyvəndlənmiş it öz ərazisini "tutaraq" çoxalmadan yaşayır və vakuumun yaranmasına imkan vermir. Populyasiyanın 70%-i qısırlaşdırıldıqda nəsil artımı təbii şəkildə dayanır və itlərin sayı illər ərzində sabit olaraq azalır.
Neandertal
visiontv.az