On beşdən, qırx beşəcən...
On beşdən, qırx beşəcən...
20.09.2021 Jalə Mütəllimova Tərəfindən

ŞUŞAya otuz illk məsfədən azad baxış...

...Şuşaya iki günlük səfər təşkil edilib. Siz, sabah, ikinci heyətlə gedirsiniz...

On beş yaşında gözün baxa-baxa, başındakı ağ dumana qara tüstü qatılan Şuşaya, otuz ildir bizsiz, tənha yaşayan Şuşaya gedirik. Düzü bir şeyi dəqiq anlamamışdım bu ismarıca qədər. Azərbaycan vətəndaşı olaraq mənəvi travmalıyıqmış. Natamam idik Qarabağsız. İndi müzəffər komandanın, əsgərin, zabitin, şəhidin, qazinin fədakarlığı və mübarizəsi ilə tamlaşdıq. Qürurlu, mənlikli, bütöv adamlar olduq...

Şəhid tuneli ilə üzü Şuşaya...

Yolboyu diqqətimi çəkən əsas mənzərələrdən biri, Azərbaycanın bəlkə də bir qəsəbəsi, bir kəndi, bir rayonu, şəhəri olmadı ki, şəhid verməsin bu savaşda.  Yol boyu bizi aparan maşın karvanı bax həmin qəsəbə, kənd, rayon və şəhərlərin girişində böyük lövhələrlə müşaiyət olunurdu. Nəhəng, qırmızı bəzədilmiş, böyüdülmüş əsgər, zabit, döyüşçü şəkilləri. Şəhidlərin adını daşıyan bulaqlar. Üzləri gülüşlü, başları dik və əzəzmətli! Sanki həyatdadırlar. Sanki elə o yolların qırağına sipər kimi düzülüblər. Sanki tunel, canlı tunel qurublar ki, o torpaqlara gedən heç kim çəkinməsin, narahat olmasın, əminliklə hərəkət eləsin. Sanki qürur duyurlar ki, Qarabağa, Şuşaya indi insanlar ŞƏHİD TULENİ ilə gedirlər. Elə bil növbə ilə hamıya yaxşı yol, ya da xoş gəldin deyirlər...
Düzü yüz əllinci şəkildən sonra saya bilmədim onları. Bir onu deyə bildim ki, Allah sizə rəhmət eləsin, haqqınızı halal edin, ay yaraşıqlılar, ay şəhid balalar, oğullar, qardaşlar!..

Artıq Rusiyanın “sülhməramı” postuna çatmaqdayıq...

Hamının üzündə qəribə bir ifadə var. Elə bil danışmadan hamı deyir ki, biz daha sizdən qorxmuruq, BİTDİ!

***

Şuşaya sarı gələn yolda, el diliycə desək, lap doqqaza çatmaqdayıq. Sürücümüzdən xəbərdarlıq gəlir. Çəkiliş olmaz, ümumiyyətlə telefon çıxarmayın. Niyə? “Sülhməramlıların” postuna yaxınlaşırıq. Nə baş verər çəksək? Heç nə, kaprizlərini çəkəcəyik. Yoxlayacaqlar, çəkiləni siləcəklər və sair... Olsun, nə olur olsun, dözəciyik, amma bu səfərə əngəl olacaq heç bir səhvə yol verməyəcəyik. Çox qəribədir. Bəlkə də iki yüz ilin xofudur bu, indi atırıq içimizdən. Bunacan rusiyalı silahlının adı gələndə az qala lərzəyə gəlirdi çoxu...

...Qarabağın işğalı onların adı ilə bağlıdır...
...Xocalı soyqırımını onlar törətdi...
...Tarixən onların əli ilə parçalanıb bölünmüşük...
...Onları bizi həmişə satıb...
...Represiyalara məruz qoyub...
...Onlar bizi işlğal edib...
...Onların Qızıl Ordusu bizi müstəqil cümhuriyyət olmağa qoymadı...
...Onlar türk birliyinin əbədi düşmənidir...
...Onlar iyirmi yanvar və daha neçə fəlakətlərimizin başında durublar...
...Onlar Naxçıvana quru yolu qapatmaq üçün Zəngəzur mahalının xəritdən silib...

İndi Azərbaycan ictimai rəyində haqlı bir sual var. Məramı iki əsrdir işğal, dağıntı, qətliyam olanın, məqsədi sülh ola bilərmi? İnandırıcı deyil. Amma maraqları ola bilərmi, bəli, var. Otuz ildir vergisiz, bölüşmədən qazanıb sümürdüyündən bir anda imtina mümkün deyil. Bir də düzü ağır gəlir. Məramı və məqsədi bu qədər aydın bəlli olanların, şəkiliş olmaz qaydası, niyə tarixi şəhərini, torpağını ziyarət edənlər üçün keçərli olmalıdır  ki?

Xeyli müşahidə apardım, sualıma cavab tapmaq üçün... Xelyi cavab da tapdım düzü.  Zənnimcə, Rusiyanı nə erməni, nə də dünya maraqlandırir. Rusiyanın məqsədi və məramı, qızıl yataqları və Qarabağın otuz ildir taladığı təbii sərvətləridir.

Postda çəkilişə qadağaya gəlincə, yaxınlarda bunun səbəblərini hər kəs bilər yəqin. İndiliksə bircə söz deyə bilərəm:

-Qarabağla bağlı Türkiyə, Rusiyanın etdiyi nəyə icazə verirsə, bu Azərbaycanın xeyrinədir. Qarabağla bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan dövləti, nə deyir, nə edirsə, bu Qarabağın, Azərbaycanın və xalqın xeyrinədir. Gün gələcək, Rusiya hara gəldi sancdığı bayrağını da bəlli heyətdə hərbi kontingentini də ölkədən çıxaracaq. Ancaq o günəcən bizə həm də ağıllı və səbirli ictimai rəy, yəni vətəndaş gərəkdir. Bu ictimai rəyi yetişdirmək, bu vətəndaşı formalaşdırmaq üçün Azərbaycana,

...Milli ideoloji təbliğat lazımdır.

Bu təbliğat KİV-də aparılan propaqandadan başlamalıdır. Yəni əsas yük Azərbaycan milli mediasının üzərinə düşür.  Medianın inkişafı üçün bəlli bir yola çıxılıb. Bu yolda, özünə yox, işinə münasibətdən inciyən də, küsən də, yön dəyişən də olacaq və ya ola bilər. Ancaq seçimlər, tərəfdaşlar, yola çıxılacaq simalar və media quruluşları mütləq Qarabağ inşa olunana qədər, bəlli olmalıdır. Bu efirlərdə və yazılı mediada statusları bəlirləyəcək. Hamı eyni zamanda şoumen, eyni zamanda mədəniyyət və uşaq kanalı, eyni zamanda əyləncə və ya sarı media ola bilməz. Dövlət və onun ideoloji xətti işindəhər kəs məsuliyyətini və qırmızı cizgisini bilməlidir. Yəni rəflərdə hər kəsin yeri, işi və statusu bəlli olmalıdır. Bu həm məsuliyyət, cavabdehlik hissi yaradacaq, həm yaxşı nəticələr verəcək. Eyni zamanda milli ideoloji təbliğatın başlanmasına yol açacaq. Milli ideoloji ruh bir Azərbaycan vətəndaşına niyə lazımdır? Axı biz dini və milli zəmində tolerantıq, deyənlər də olacaq əlbət ki...Məhz onlar üçündür növbəti cümlə. Bir azərbaycanlı türkü, Azərbaycanda, bütün dili və milli azlıqlara görə məsuliyyət daşıyır. Çünki dövlətin adı Azərbaycan, əsas vətəndaşlarının milli kimliyi sənədləşməmiş olsa belə oğuz türkü, inancı islamdır. Üstəlik iki yüz ildir Cənubi Qafqazda hər kəs məhz bu dövlət və xalqı sıradan çxıarmaq üçün planlar cizir. Yəni bütün vətəndaşların, vətəni Azərbaycan olan hər kəsin, Qarabağda azad, firavan gəzib dincələrkən belə ideooji, informativ savaşa hazırlanması mühim şərtdir. İdeoloji savaşa hazırlılıq  qələbənin yarısı deməkdir. Bunu bir çox ideoloqlar dəflərlə praktikada isbat ediblər. Məsələn otuz illik Qarabağ təbliğatı, oranı heç zaman görməyən zabit, əsgər yetişdirdi. Üzünü görməyənlər, adına görə can verdilər QARABAĞIN. Qarabağ məhz ideoloji xəttin, informasiya siyasətinin düzgün qurulması nəticəsində azad oldu.

12:59

Şuşada yaşayan hərbçi ailələri
Şuşanın bəzi evlərində həyat var. Əməlli başlı həyat. Ailəsi, övladı ilə birgə, bildiyiniz həyat. Adama qəribə gəlir. Hələ tam bərpa olunmayan, işğaldan yeni azad olunan bölgədə kimdir, kimlərdir yurd salan. Bu mənzərəni görəndə yadıma bir epizod da düşdü. Avropa və Almaniyadakı müəmmalı blogerlər. O blogerlər ki, bəziləri  “Şuşaya döyə-döyə köçürürlər camaatı” deyə hayqırmadadır. İndi narahatlıqları və sahiblərinin verdiyi komandayla çalışdıqları çox yaxşı bəlli olur. Konturlar aydın görünür. Şuşadakı həyat hər kəsi narahat edir. Bütün cinahlarda dayanan düşmənlər qara piardan başqa bir iş görə bilmir.
Şuşa Azərbaycana niyə lazımdır?

Dağlıq Qarabağın, Şuşanın azadlığı birmənalı qarşılanmamışdı. Bəziləri Şuşaya ya paralel, ya eyni anda, ya da Şuşadan əvvəl Xankəndiyə getməyi arzulayırdı. Dövlətdən bunu gözləyirdi. Şuşa Azərbaycana niyə lazımdır?  Mədəniyyət, mənəviyyat, tarixin baş kəndi kimi bu təbbi ki, belədir. Bir də Şuşa mənəvi zirvədir. O zirvədən baxanda Xankəndi və ətrafı ovuc içində sayılır. Elə bilirsən, yox, dəqiq bilirsən ki, bu gün olmasa da sabah Xankəndiyə gedəcəksən, Xocalıya, Xocavəndə gdəcəksən. Amma bütün bu yollar hər şeydən əvvəl Zəngəzur yolunun inşasının tamamlanmasına bağlıdır ki, o gün də uzaqda deyil!.. Bir də kimi aparırlar aparsınlar, kim gedir getsin, Qarabağ məsələsi diplomatik masadan enənə qədər, hətta sərhədlərin delimitasiyası bitənə qədər Şuşada çal-çağır, atəşfəşanlıq dayanmamalıdır.  Şuşa çox böyük və vəzsiz PSİXOLOJİ ÜSTÜNLÜKDÜR!
Vaqif...Azərbaycan məmurunun qədimdəki obrazı...

Əzəmətli, möhtəşəm bir məqbərə qurulub Şuşada, işğaldan sonra. Molla Pənah Vaqifin məqbərəsi. O məqbərə ki, sovetlər dönəmində kəskin etirazlara rəğmən, Heydr Əliyev israrı ilə inşasına nail olunmuşdu. O məqbərə ki, otuz illik işğaldan sonra, Heydər Əliyev Fondunun təşəbbüsü və vəsaiti ilə qısa zaman kəsiyində bərpa edildi. Açılışını isə Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı, H.Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva etdi.

***
...Bəzən belə rəylərə rast gəlirik sosial şəbəkədə, Vaqif şəxsiyyət kimi müəmmalı biri olub, onun belə təm-təraqla təqdimatına nə ehtiyac var. Bu mənada məqamı düşmüşkən təəssüratlarımı bölüşmək istərdim. Əvvəla tarixdə elə adamlar var ki, onlara elə yaramaz olduqları üçün heykəl qoyub, gələcəyə bəzi şeyləri xatırlatmaq gərəkdir. Məsələn, fərdi yanaşmamdım iyirmi altılar bağı, açıq havada muzey idi, tarix dərsi idi, düzü sökülməsindən yana deyildim. Bəzi digər abidələrin də. Molla Pənah Vaqifə gəlincə, o, təkcə tanınan Azərbaycan şairi deyildi, həm d saray əyanı idi. Qarabağxanlığının idarəçiliyində sözü eşidilən, keçərli olan sima sayılırdı. Ciddi vəzifə sahibi idi, indiki dillə desək. Bəli, idarə üsulunda, insanlarla davranışında, tarixdən öyrəndiyimiz ciddi nöqsanları, ədalətsizlikləri olub ki, bu üzdən oğlu ilə birgə ölümə göndərilib. Yəni sənətinin böyüklüyünə rəğmən cəzası ölüm olub.

Oğlunun atasına son sözü vida sözü bəzi tarixi mənbələrdə belə qeyd edilir:

-Sən bu yolla çox adamı göndərmişdin ata!

Bunları niyə deyirəm. Vaqifin bir saray əyanı, rütbəli şəxs olması onun dövrünün eyni zamanda nəhəng şairi olmasını inkar üçün əsas deyil. Yəni bir vicudda çox şey cəm olar. İstedadlı və yaramaz olmaq kimi. Bu indi də inkar edilməyən insan xüsusiyyətidir. İstdadlar var ki, insanlığa ləkədir.  Ancaq yenə də qeyd etdiyim kimi, yaxşı insan olmamaq bir sənətkarın sənətini inkar eləmək üçün yetərli deyil. Bu mənada Vafiq kimliyindən asılı olmayaraq, Azərbaycan ədəbiyyatı üçün nəhəng biridir. Və o məqbərənin bərpası bircə bu fakta görə təqdirəlayiqdir.

Şuşalıların göz yaşı, QHT-lər emosiyası və Qarabağ təbliğatı...

Bu gün özünü Azərbaycanın yaxşı vətəndaşı sayan hər kəs ŞUŞAya can atır. İndi ziyarətgahdır Şuşa. Düzü hamıdan çox şuşalılar haqq edir bu ziyarəti. Məsələn, şuşalı həmkarım Nurşən Quliyevin təəssüratı maraqlı idi. Mən ondan heç nə soruşmadım, üzünə diqqətlə baxdım, evinizə getdinmi soruşdum, hə dedi, özünü sıxdı, başını silkələdi. Birtəhər gülümsəyib, üz dili ilə mənə dəhşəti ifadə elədi. Can dostuyuq biz, min il də görüşməsək bir üz cizgisi, əl hərəkəti yetərlidir. Adam sevinclidir, kədərlidir, həyəcanlıdır, kövrəkdir durumdan dolayı, həm də keçmiş döyüşçü kimi şükranlığı var.

***
Cıdır düzünü yaxınlığında yaşlıqadın çəkdi diqqətimi. Cıdır düzünün girişindən soldakı məzarlığa sarı baxıb daşları tumarlayır, nəsə deyir, ağlayırdı. Dedim kim var orda? Qayıtdı ki, balam...Sakitcə yanında durdum, qadınsa, yavaş-yavaş layla deyirdi... Otuz il içində oxuduğu laylasını tamamlamağa gəlmişdi elə bil...

...Layla dedim yatasan, qızıl gülə batasan...

***

Səfərdə qeyri-hökumət təşkilatının nümayəndələri ilə bərabər idik. Sevinirdilər, Cıdırda “Yallı” getdilər, göz yaşını saxlamayanlar da oldu. Ancaq daha çox bir çıxış, bir qadın unudulmaz oldu sıralarından, Azərbaycanın apardığı birinci Qarabağ savaşında, qadın sınayper, Növrəstə Yusifovanın Cıdır düzündə bir qayanın üstündə üç rəngli bayraqla dayanıb dedikləri:

-Eheyyyy...burda qoyub getdiklərimiz! Eheyyy...məzarı olmayanlar! Eheyyy...şəhidliyə şükür edənlər! Sizi xoş gördük! Hamınıza salam olsun!

***
Səfərin təşkilatçılarından, PA-nın komanda islahatları ilə yeni təyinat alan prespektivli kadrlarından Vüsal Quliyevin dedikləri lkənin QHT sektorunun gələcyi ilə bağlı ümidvericidir. Səfər boyu insanları qorumaq, onlara istədikləri hər məsələ ilə bağlı məlumat vermək kimi çətin işin öhdəsindən həvəslə gəlirdilər. Çünki yaxşı bilirlər QHT sektorunda islahatları həm də müharibədən sonrakı Qarabağ və Azərbaycanın ictimai, sosial və siyasi həyatının gələcəyi şərtləndirir. O üzdən V.Quliyev işğaldan azad edilmiş ərazilərə QHT nümayəndələrinin səfərinin təşkilini faydalı hesab edir.

Şəhid evlərin nəhəng ağacları...

Şuşaya gedən yollarda müşahidələrimdən birini də sizinlə bölüşürəm. Azərbaycanlıların olan yurdları dağıdıblar. Yaxın-uzaq qonşularla bölüşüblər, yağmalayıblar. Sərvətini, hətta evlərinin daşını da söküb, satıblar. Amma elə bil dağıdılıb, viran qoyulmuş hər yurdda insan yaşayıb bu işğal illərində. Ağac formasında. Otuz il hündürləşib, ucalıb, nəhəngləşiblər o ağac-adamlar. Qarabağda yağmalanan hər evin uçuq hasarlarından bir ağac boylanır üzümüzə, adam kimi, e sahibi kimi. Zaman gələcək, gülərüz insanlar boylanacaq, rahat xoşbəxt səslər gələcək bu birağaclı evlərdən, onda adam-ağacların da gözü yoldan yığılar yəqin, onda təəssüratlar da başqa olar. İndiliksə...

...Azı bir ağac sahiblənib, bol qoymayıb o yurd yerlərini...

...Azı bir ağacın həyatı sönməyib o evlərdə...

...Azı bir ağacın izi ilə hərə öz evinin, əzizinin məzarına aparan yolu tapa bilir...

Nə yaxşı ki, göyərib, ucalıb yaşamısınız o evlərdə, ağaclar, adamlar kimi...

DANIŞIR VƏ GÖSTƏRİR, ŞUŞA...

Yaşıdım olan hər kəs xatırlayır yəqin, Şuşadan müharibə xəbərləri alardıq illər öncə. Birbaşa yayında, bir saatlıq efirdə, Şuşa TV və Vidadi danışırdı. Səbrsizliklə gözləyirdik o efirləri, amma ümidimiz yox idi yaxşı heç nəyə.  Çünki informasiya savaşı düzgün qurulmamışdı. Ordu dağınıq idi. Siyasi və maliyyə imkanları ağır durumda. Yeni silah-sürsat işi isə ümumiyyətlə bərbad... İndi niyəsə son dərəcə böyük arzumdur, Qarabağda, Şuşada bir studiya qurulsun, hətta səhra studiyası, dünya praktikasında var belə  hallar. Bizim də Şuşada indi bu imkanlarımız var. Gözəl söhbətlər, gözəl materiallar yığılar. Hətta Bakıdan ciddi qonaqlar göndərilə bilər o efirlərə. Necədi? Sizi bilmirəm, düzü düşünürəm ki, sevə-sevə çalışar adam. Xalqına, dövlətinə və peşənə xidmətdən gözəl nə var həyatda, özü də Şuşada, özü də Qarabağ TV-də...Deyəsən ki, danışır və göstərir Şuşa, Qarabağ. Bu üstəlik Şuşa vuruldu, Şuşaya hücum oldu kimi fake xbərləri də sıradan çıxarmış olar. Hələlik arzudur, sabah real olması an məsələsidir bəlkə, kim bilir?!.

SON

Şuşa haqda yazı bu günəcən səfər təəssüratları haqda yazdığım yazılar arasında ən gec başa gələni oldu.  Bir neçə gündür otuz il hər kəs kimi yolunu gözlədiyim Şuşada gördüklərimi sözə köçürməyə paxıllıq edirəm elə bil. Paxıllıq dedim, bəlkə də qorxudur bu. Qorxuram Şuşanı indi də söz işğal edər. Sözün əlində işğalda qalar Şuşa. Sonra yenə həsrət çəkərik, yenə savaş, müharibə olar, yenə tanıdıqlarımız, sevdiklərimiz döyüşə gedər, itkin, şəhid olar. Yenə məktəbimizin atış zalını silah anbarı edərlər, yenə silah daşıyaram, yenə yaralı döyüşçü qanına bulaşar əlim, yenə facilər yaşayarıq ellikcə...

...Çünki Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan olmaz! Şuşa möhtəşəmdir! Yuxu kimidir! Nazlıdır! Hüzurludur! Qürurludur, şəxsiyyətdir! Kədəri var, şahidliyi var, şəhidliyi var, dözümü var, əzmi var, məğrurdur! Şuşa ruhlar şəhəridir, əzəmətlidir, simvoldur, namusdur, şərəfdir, qeyrətdir, qələbədir, sevincdir, sevgilidir, sevginin özüdür, dözümdür, mərdlikdir, insanlıq məktəbidir, işğal təəssüratı, təcrübəsi var Şuşanın. Kişilikdir Şuşa, əxlaqdır, siyasətdir, abırdır, həyadır, ardır, cənnət havalıdır. Bəlkə də bu üzdən başı dumanlıdır. Şuşa həm də milli ruhdur, milli kimlikdir, mədəniyyət beşiyidir, mənəviyyatdır, bəzən başı bəlalıdır, dərdlərə dərmandır, baş ucalığıdır, şəhid qoxuludur, qazi ətirlidir, düşmənə göz dağıdır. Şuşa bir də böyük ZƏFƏR YOLUDUR! İndi bu ZƏFƏRin qapısında və dəmir yumruğun qaşısında Rusiya, İran, Ermənistan, Qərb, Avropa pusqudadır, kimi aşkar, kimi gizli. Azərbaycansa dolanbaclı ZƏFƏR YOLLARINI çəkir və irəliləyir. Üzü Xankəndiyə, Zəngəzura, Göyçəyə, qədim İrəvana, quru yolu ilə Naxçıvana və sair. İki yüz ilinə geridönüş ZƏFƏRİ hələ qarşıdadır. Pusquda kim durur, dursun!

Jalə Mütəllimova

BAKI-ŞUŞA-BAKI

Visiontv.az