Oktyabrdan Bratislava ilə Bakı arasında birbaşa uçuşlar başlanacaq
13.05.2026

Slovakiya Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasına töhfə verməkdən qürur duyur.

Bunu  Slovakiya Milli Şurasının sədri  Rixard  Raşi Bakıda Milli Məclisin sədri  Sahibə Qafarova ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Slovakiya şirkətləri  Ağdam rayonunun Baş Qərvənd kəndində “ağıllı kənd” layihəsinin icrasında iştirak edir.

Rixard Raşi aparılan yenidənqurma işlərinin irəliləyişini müşahidə etmək üçün Qarabağa səfər edəcəyini diqqətə çatdırıb.

O qeyd edib ki, bu ilin oktyabr ayından etibarən Bratislava ilə Bakı arasında birbaşa uçuşlar həyata keçiriləcək: “Mən qəti şəkildə inanıram ki, Slovakiya Respublikası azərbaycanlı turistlər və sahibkarlar üçün məşhur istiqamətə çevriləcək, necə ki, Azərbaycan da slovakiyalı turistlər və iş adamları üçün getdikcə daha cəlbedici məkana çevrilir. Slovakiya və  Azərbaycan strateji tərəfdaşlardır və bugünkü hadisələr münasibətlərimizin iqtisadi, parlamentlərarası və insanlararası əlaqələr baxımından güclü inkişaf mərhələsində olduğunu açıq şəkildə nümayiş etdirir. Sonda bir daha təsdiqləmək istəyirəm ki, Slovakiya  Avropa səhnəsində  Azərbaycan üçün etibarlı və balanslı tərəfdaş olaraq qalır. Biz gələcəkdə də bu tərəfdaşlığı böyük intensivliklə inkişaf etdirmək niyyətindəyik”.

visiontv.az