Nə üçün bütün peyğəmbərlər eyni bölgəyə göndərilib?
07.09.2024

Tez-tez belə bir sualla qarşılaşırıq: nə üçün bütün peyğəmbərlər eyni bölgəyə göndərilib - Aralıq dənizinin cənub-şərq ucqarına.

Bu suala cavab vermək üçün bölgədə yaşayan xalqların həyat tərzinə baxmaq lazımdır. Bu xalqlar köçəri həyat sürürdülər və öz kültürlərini, daha doğrusu, köhnəlmiş adət və ənənələrini yeniləmək üçün elmi, fəlsəfi dəyərlər yaradacaq və təcrübədən keçirəcək zamana sahib deyildilər. Məsələn, eyni bölgədə qəfildən İbrahim peyğəmbərlə qarşılaşan oturaq və antik fələstinlilərin tanrı və tanrıçaları vardı, amma peyğəmbərləri yox idi.

Peyğəmbərlər köçəri yəhudi xalqının nümayəndələriydi. Din köçəri xalqların öz adət və ənənələrini yenilədikləri kültür inqilablarıydı. Ağıllı yəhudilər öz qəbilələrini vaxt itirmədən oturaq həyata öyrəşdirmək üçün bu inqilabları yalnız özəl bir tanrıya istinad edərək gerçəkləşdirə bilərdilər. Çünki istinad ediləsi başqa fövqəlxəlqi bir mədəni dəyərlərə sahib deyildilər.

İslam ağıllı ərəblərin ərəb kültüründə apadıqları kültür inqilabının adıydı.

Təktanrılı dinlərdən əvvəlki oturaq mədəniyyətlərdə bu inqilablar elmi, fəlsəfi dəyərlər yaratmaqla gerçəkləşmişdi. Məsələn, oturaq şumerlər göydən hazır ayə endirmək əvəzinə, düşünüb-daşınıb təkəri icad etmişdilər.

Bu elə bir elmi-mədəni inqilab idi ki, təkərin icadından sonra hətta tanrılar da atlar qoşulmuş arabalarda təsvir olunurdu səmavi səltənətdə.

Oturaq ağlın icadı olan təkərdən tanrılar belə istifadə edirdilər.

Bütün bunlar çox aydın məsələlərdir, niyyət aydınlanmaq olsa...

Aqşin Yenisey

visiontv.az