Nazir müavini bakalavr, magistr və doktorantura üzrə adambaşı maliyyələşmənin artımına münasibət bildirib
10.09.2024

Ötən gün Nazirlər Kabineti ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qərara dəyişiklik edib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, bakalavr təhsil səviyyəsi üzrə hər təhsilalana düşən təhsil haqqı xərcləri 22 faiz, magistratura üzrə 26 faiz, doktorantura səviyyəsi üzrə isə 60 faiz artırılıb:

“Bir bakalavr və magistrə düşən təhsil haqqı xərci təxminən 3 min manatdan çoxdur, doktorantura səviyyəsi üzrə isə bu xərc 4500 manatdan çoxdur”.

Nazir müavini əlavə edib ki, növbəti illərdə bu artım təhsil müəssisələrinə münasibətdə daha səmərəli nəticəsini verəcək: “Hazırda 73 mindən çox tələbə var, onların yarısından çoxu dövlət hesabına təhsil alır ki, bu da universitetlərin maliyyələşdirilməsində artım deməkdir”.