Nazir müavini: Azərbaycan seysmik aktiv regionda yerləşir, şəhərsalma modeli dayanıqlılığa cavab verməlidir
15.05.2026

"Azərbaycan seysmik aktiv regionda yerləşir. Bu reallıq bizi binaların inşası və istismarı prosesində, ümumilikdə şəhərsalma prosesində məsuliyyətli yanaşmaya məcbur edir".

 Bunu  fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda keçirilən konfransda bildirib.

O bildirib ki, şəhərsalma modeli müasir standartlara və dayanıqlılığa cavab verməlidir: “Məlumdur ki, şəhərsalma prosesində seysmik risklərin düzgün qiymətləndirilməsi baş verə biləcək təbii fəlakətlərin qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Bu istiqamətdə hüquqi bazanın genişləndirilməsi, beynəlxalq standartların tətbiqi, seysmik dayanıqlılığın artırılması və elmi əsaslandırılmış qərarların qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır. Seysmik risklərin idarə olunmasında region ölkələri arasında qarşılıqlı informasiya təmin edilməlidir. Bu sahədə beynəlxalq əməkdaşlıq uğurlu keçirilir”.

Cəbrayıl  Xanlarov bildirib ki, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları, Respublika  Seysmoloji  Xidmət  Mərkəzi və Yaponiya mütəxəssisləri ilə birgə Sumqayıt-Abşeron zonası üzrə seysmik xəritələrin hazırlanması istiqamətində mühüm işlər görülür.

visiontv.az