Naxçıvan MR-in Konstitusiyasında dəyişikliklər təsdiqlənib
10.03.2026

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər təsdiqlənib.

Prezident  İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Konstitusiya qanununda  Naxçıvan  Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilib, 1 maddə (maddə 5) çıxarılıb, bir sıra maddələrdə və  Preambula hissədə isə dəyişikliklər edilib.

Qanuna əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da əksini tapacaq.

Konstitusiyaya əlavə edilən "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan  Muxtar  Respublikasında  Azərbaycan  Respublikası  Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.

Əlavə edilən digər maddə "Naxçıvan  Muxtar  Respublikası  Ali Məclisinin buraxılması" adlı 28-1-ci maddədir. Bu maddədə  Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması qeyd olunur.

Konstitusiya Qanununda nəzərdə tutulan dəyişikliklərdən biri "Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi" adlı 5-ci maddənin çıxarılmasıdır.

Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının  Ali  Məclisinə seçkiləri Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi sədrinin təklifləri əsasında  Azərbaycan Respublikası Prezidenti təyin edəcək (maddə 13, hissə II).

Bundan başqa, qanunda  Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə bilməsi nəzərdə tutulub (maddə 18, hissə IV).

Konstitusiya Qanununa əsasən, Naxçıvan Muxtar Respublikası  Ali Məclisinə seçkilər və  Naxçıvan Muxtar Respublikası  Ali Məclisi deputatlarının statusuna dair qanunlar 31 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul ediləcək (maddə 24, hissə II).

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılıb (maddə 29, hissə II).

Digər dəyişiklik Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası  Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilməsidir (maddə 32.4-1).

Konstitusiya Qanununa əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının  Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

Qanunda həmçinin, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin sədrinin aktlarının artıq qərar deyil, sərəncam adlandırılması nəzərdə tutulub (maddə 33).

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları yox, qanunlar qəbul ediləcək (maddə 50).

visiontv.az