Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq
10.03.2026

Azərbaycanda bank və ödəniş sistemlərində dələduzluq halları ilə mübarizə məqsədilə vahid “qara siyahı” bazasının və mərkəzləşdirilmiş insident və hesabatlılıq sisteminin yaradılması planlaşdırılır.

Bunu  “APA-Economics”ə  müsahibəsində  Azərbaycan  Banklar  Assosiasiyasının  (ABA)  prezidenti  Zakir  Nuriyev bildirib.

Onun  sözlərinə görə,  ABA  tərəfindən Mərkəzi  Bank, Baş  Prokurorluq və Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində dələduzluqla bağlı vətəndaş müraciətlərinin operativ şəkildə banklara ötürülməsi təmin edilib, şübhəli əməliyyatların isə dərhal dayandırılması mexanizmi tətbiq olunub.

Z. Nuriyev qeyd edib ki, bu yanaşma sektor üzrə risklərin erkən mərhələdə qarşısının alınmasına və zərərin minimuma endirilməsinə imkan yaradır.

ABA  rəhbərinin sözlərinə görə, layihənin növbəti mərhələdə bütün ödəniş təşkilatlarını əhatə etməsi nəzərdə tutulur. Eyni zamanda dələduzluq halları üzrə vahid “qara siyahı” bazasının və mərkəzləşdirilmiş insident və hesabatlılıq sisteminin yaradılması planlaşdırılır.

O bildirib ki, bu mexanizmlər sektor daxilində məlumat mübadiləsinin daha sistemli və effektiv təşkilinə xidmət edəcək.

Z. Nuriyev əlavə edib ki, tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası və təhlükəsizlik tədbirləri nəticəsində bank hesablarının kənar şəxslər tərəfindən birbaşa ələ keçirilməsi halları əhəmiyyətli dərəcədə azalıb. Bununla yanaşı, müşahidə olunur ki, fırıldaqçılar fəaliyyətlərini daha çox sosial mühəndislik üsulları üzərinə yönəldib.

Assosiasiya rəhbərinin sözlərinə görə, mövcud çağırışlar nəzərə alınaraq, 2026-cı il üzrə əhalinin maliyyə təhlükəsizliyi və rəqəmsal savadlılığının artırılmasına dair Yol Xəritəsi hazırlanaraq üzv banklara təqdim edilib. Bu sənəd preventiv tədbirlərin və ictimai məlumatlandırma mexanizmlərinin daha da gücləndirilməsini nəzərdə tutur.

visiontv.az