Müharibələri dayandırmalı və sülh yaratmalı olan BMT kimi bir qurum teatra çevrilib: Absurd teatrına
Müharibələri dayandırmalı və sülh yaratmalı olan BMT kimi bir qurum teatra çevrilib: Absurd teatrına
26.09.2025 Bəybala Mirzəyev Tərəfindən

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyanın və millətlərin problemlərini çözməli olan, müharibələri dayandırmalı və sülh yaratmalı olan ən vacib qurumdan teatra çevrilib - absurd teatrına.

Budur, növbəti sentyabr ayı gəlib və dünya liderləri yenə də Nyu-Yorkda, BMT Baş Assambleyasının 80-ci sessiyasında yığışaraq ard-arda çıxış edirlər.

Adətən, Baş Assambleyanın iclaslarında reqlamentə görə hər bir dövlət və hökumət başçısı üçün çıxış vaxtı 5-15 dəqiqə arasında məhdudlaşdırılır.

Lakin ABŞ prezidenti Donald Trampın çıxışı isə təxminən 1 saat davam etdi. Adam heç bir reqlament-flan saymır, BMT-nin reqlamentinə əməl etmir.

Ancaq eyni zamanda, o, öz çıxışında BMT-nin dünyadakı rolunu maksimum dərəcədə kiçiltməyə, öz xidmətlərini isə həddindən artıq şişirtməyə çalışdı.

Tramp bəyan etdi ki, "BMT heç bir münaqişəni çözə bilmir, mən isə prezidentlik fəaliyyətimə başladığım son yeddi ay ərzində yeddi müharibəni dayandırmışam". Hərçənd ki, Tramp 12 günlük İran-İsrail müharibəsindən başqa heç bir müharibənin dayandırılmasında hiss olunacaq dərəcədə əhəmiyyətli rol oynamayıb. Sadəcə olaraq Tramp dünyanın müxtəlif bölgələrində artıq başa çatmış münaqişə və qarşıdurmaların dayandırılmasını öz adına çıxmaqla Nobel Sülh mükafatını almağa can atır.

Lakin Putinin Ukraynaya, Netanyahunun Qəzzaya qarşı misli görünməmiş aqressiyasını dayandırmaq üçünsə Tramp heç bir real addım atmır. Əksinə, məhz Trampın Putini qlobal təcrid vəziyyətindən çıxarmasının nəticəsində Rusiyanın Ukraynaya dron və raket hücumları daha da artıb. Və eləcə də Trampın dəstəyinə və himayəsinə arxalanan Netanyahu Qəzzada rəsmən soyqırımı törədir.

BMT isə nə Putini və Netanyahunu, nədəki onlara arxa planda "xaç ata"lığı edən Trampı dayandırmaq gücünə malik deyil.

Yeri gəlmişkən, son iki gündə BMT kürsüsündən çıxış edən bir çox liderlər Ukrayna və Qəzzada savaşın dayandırılmasına çağırışlar edirlər.

Lakin heç kim bu savaşları necə dayandırmağın konkret yolunu, düsturunu göstərə bilmir. Çünki beynəlxalq hüquq artıq çöküb. BMT-nin qətnamələri kəsərsizdir. Putin və Netanyahu bu qətnamələri, çağırışları vecinə almır.

Yeri gəlmişkən, vaxtilə Moskvanın, Parisin və Vaşinqtonun havadarlığına arxalanan Ermənistanın faşist liderləri də BMT-nin Qarabağla bağlı qətnamələrini veclərinə almırdılar. Ona görə də biz özümüz o qətnamələri sonda hərb yoluyla həyata keçirməli olduq.

İndi Ukrayna və Fələstin xalqı da BMT-yə ümid bəsləməməlidir. BMT çoxdan absurd teatrına çevrilib. Daha doğrusu, böyük dövlətlər BMT-ni absurd teatrına çeviriblər.

Real sülh isə qətnamə kağızlarında yox, yalnız süngülərin ucundadır. Hitleri yalnız savaş yoluyla dayandırmaq mümkün olduğu kimi putinləri, netanyahuları da yalnız süngülər dayandıra bilər.

Bəybala Mirzəyev

visiontv.az