Kirman Mis Şirkətinin 16 idman növündə komandaları olsa da Vərziğan şəhərinin “Mis Süngün” futbol klubunun özəlləşdirməyə verilməsi ayrı-seçkilikdir.
Bu sözləri Təbrizin parlamentdəki nümayəndəsi Əlirza Nov deyib.
Əlirza Novin həmçinin Sənaye, Mədən və Ticarət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinə ünvanladığı yazılı xəbərdarlıqda İran Mis Şirkətinin “Mis Sönqün” futbol komandasını özəlləşdirməsi və Şərqi Azərbaycan vilayətində idmana dövlət dəstəyini dayandırmasına etiraz edib.
O bildirib ki, bu qərar Şərqi Azərbaycan Futbol Federasiyasının açıq etirazına baxmayaraq həyata keçirilir. Novin deyib: “Biz idmanda özəl sektorun sərmayə qoyuluşunu dəstəkləyirik, amma dövlət büdcəsinin ləğvi bahasına yox! Özəl sektorun bu sərmayəsi köklü Təbriz Maşınsazi komandası üçün istifadə oluna bilərdi.”
Vərziğandakı Süngün mis mədəni “Yaxın Şərqin ən böyük mis mədəni” hesab olunur və İranın istehsal etdiyi misin 50 faizdən çoxu bu nəhəng mədəndən əldə edilir. İran hakimiyyəti bu mədəndə istehsal olunan misin Azərbaycanda emal olunmasına mane olur və xammal halında Kirmana göndərərək orada külçə misə çevirir. Bu nəhəng mədəninin gəlirləri isə İranın farsdilli mərkəzi vilayətlərinə yönəlir.
“Mis Süngün” futbol və futzal komandaları Azərbaycanın bu böyük mədəndən əldə etdiyi yeganə pay idi. İndi isə həmin komandalar da “özəlləşdirmə” bəhanəsi ilə əldən çıxarılıb.
visiontv.az