Heydər Əliyev Sarayında nümayiş olunan “Məhşər divanı” tamaşası adi teatr tamaşası deyildi. Bu, Azərbaycanın tarixi yaddaşının səhnəyə çıxarılması, tarixin özünün mühakimə olunması idi.
Adəm İsmayıl Bakuvinin müəllifi olduğu “Məhşər divanı: Yalanın 17 anı” kitabı əsasında səhnələşdirilən əsər tamaşaçıları bir sual ətrafında topladı. Tarix qarşısında məsuliyyət daşıyanlar nə vaxt cavab verəcək? Tamaşa məhz bu suala cavab axtarır. Əsərin adından da göründüyü kimi, burada adi məhkəmə prosesindən söhbət getmir. Burada hakim, prokuror, vəkil yoxdur. Burada tarix, vicdan və mənəvi məsuliyyət üz-üzə gəlir. “Məhşər divanı” - bu, simvolik bir mühakimədir. Bu divanda insanlar yox, yalanlar mühakimə olunur. Yalanın 17 anı - yəni Azərbaycan xalqına qarşı 17 dəfə deyilən yalan, 17 dəfə susulan həqiqət, 17 dəfə təhrif olunan tarix. Tamaşa deyir ki, tarix heç nəyi unutmur. Biz unutsak da, tarix unutmur. Biz bağışlasaq da, tarix bağışlamır. Və bir gün mütləq Məhşər divanı qurulacaq və orada hər kəs öz yalanına görə cavab verəcək. Bu baxımdan “Məhşər divanı” yalnız teatr səhnəsində nümayiş etdirilən bədii əsər deyil, həm də keçmişlə bu gün arasında mənəvi əlaqə yaradan bir nümunədir. O, keçmişi bu günə gətirir və bu günü keçmiş qarşısında hesaba çəkir. Tamaşada ən maqarlı detal səhnədə çəkilən adlar oldu. Mixail Qorbaçov, Əbdürrəhman Vəzirov, Robert Köçəryan, Zori Balayan və Kim Kardaşyan. Bu, təsadüfi siyahı deyil. Bu, Azərbaycan xalqının tarixi təcrübəsinin simvolik portretidir. Mixail Qorbaçov - 20 yanvarın müəllifi, SSRİ-nin son rəhbəri. Əbdürrəhman Vəzirov - Moskvanın Bakıdakı adamı, xalqı qorumaq əvəzinə Moskvanı qoruyan rəhbər. Robert Köçəryan - işğalın simvolu. Xocalı soyqırımının məsuliyyətini daşıyan ad. Zori Balayan - yalanın ideoloqu. Erməni millətçiliyinin, “dənizdən dənizə” xəyalının təbliğatçısı. Kim Kardaşyan - müasir yalanın simvolu. Tarixi bilməyən, amma tarix haqqında danışan, milyonlarla izləyicisi ilə yalanı tirajlayan “məşhur” obraz. Bu beş ad, beş fərqli yalanın, beş fərqli xəyanətin, beş fərqli məsuliyyətsizliyin simvoludur. Və tamaşa onların hamısını eyni divana çağırır, Məhşər divanına. Niyə tamaşa “Məhşər divanı” adlanır? Məncə yer üzündə ədalət bərpa olunmadı, 20 Yanvarın əmrini verənlər, Xocalını törədənlər yer üzündə cəzalanmadı, işğala görə heç kim yer üzündə cavab vermədi, ona görə də müəllif deyir ki, əgər yer üzündə ədalət yoxdursa, Məhşərdə olacaq. Əgər insanlar susursa, tarix danışacaq. Əgər məhkəmələr susursa, vicdan danışacaq. “Məhşər divanı” məncə ədalətin axtarışıdır. Fikrimcə buna görə Adəm İsmayıl Bakuvi tarixi səhnəyə gətirdi ki, tarix özü mühakimə etsin.
Şöhrət El-Dəniz
visiontv.az