Kıbrısın Türkiyənin tərkibinə daxil edilməsi prinsip etibarilə düzgün addım olardı
Kıbrısın Türkiyənin tərkibinə daxil edilməsi prinsip etibarilə düzgün addım olardı
22.10.2025 Bəybala Mirzəyev Tərəfindən

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının haqqında həm qardaş Türkiyənin özündə, həm də Azərbaycanda məlum səbəblərdən mənfi rəy formalaşsa da, lakin onun 19 oktyabrda Quzey Kıbrıs Türk Cümhuriyyətində keçirilmiş prezident seçkilərinin nəticələrinin ləğvini tələb etməsi və ümumiyyətlə, Kıbrısın Türkiyənin tərkibinə daxil edilməsi təklifini səsləndirməsi, prinsip etibarilə, düzgün addımdır.

Niyə?

Çünki sözügedən prezident seçkilərində Ersin Tatarı məğlub edərək Quzey Kıbrısın yeni prezidenti seçilən Cümhuriyyətçi Türk Partiyasının lideri Tufan Erhürman türkçü, turançı deyil, yunanpərəst olduğuna görə bu üzdən adada "iki dövlətli həll yolu"nun tətbiq edilməsi prinsipinin əleyhinə çıxır və türk Kıbrısının yunan Kipri ilə federasiya şəklində birləşməsinin tərəfdarı kimi çıxış edir.

Maraqlıdır ki, ona səs verən seçicilər də müstəqil cümhuriyətçilik yox, məhz federasiya tərəfdarıdırlar. Amma paradoksal olan isə budur ki, Tufan Erhürmanın partiyasının adı isə Cümhuriyyətçi Türk Partiyasıdır. Əlbəttə ki, bu ad aldadıcıdır. Əsl həqiqətdə isə Tufan Erhürman və ona səs verənlər liberal-solçu baxışlı qərbpərəstlərdir. Onlar Türk Birliyi ideyasının əleyhinə çıxırlar.

Bu baxımdan Dövlət Bağçalı Quzey Kıbrısda keçirilən prezident seçkilərin nəticələrinin ləğv edilməsi tələbi ilə çıxış etməkdə tamamilə haqlıdır.

Belə ki, seçkilərin nəticələrinə şübhə ilə yanaşan D.Bağçalı bildirib ki, Quzey Kıbrısda baş tutan prezident seçkilərində seçici aktivliyi çox aşağı olub.

"Kipr türk icmasının taleyini bu aktivliklə təmsil etmək olmaz. Seçkilərin nəticələri seçki heyəti tərəfindən açıqlansa belə, Quzey Kıbrıs parlamenti təcili toplanmalı, seçki nəticələrinin və federasiyaya qayıtmağın qəbuledilməz olduğunu bəyan etməli və Türkiyə Cümhuriyyətinin tərkibinə daxil olmağa qərar verməlidir", - deyə Dövlət Bağçalı qeyd edib.

Əks təqdirdə, qarşıdakı bir-iki il ərzində Quzey Kıbrısın yunan Kipri ilə birləşdirilməsinin şahidi ola bilərik. Elə Avropa İttifaqı da məhz buna can atır.

Quzey Kıbrısın yunan Kipri ilə birləşdirilməsi Türkiyə və Azərbaycanın Türk Dövlətləri Təşkilatının (TDT) sıralarının genişləndirilməsi planlarına da ciddi zərər verə bilər. Ona görə də Avropa İttifaqının "kukla"sı rolunda çıxış edən Tufan Erhürmanın federasiya planlarının dayandırılması üçün önləyici tədbirlərin görülməsi vacibdir.

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Bəybala Mirzəyev

visiontv.az