Azərbaycan Milli Xalça Muzeyinin səhifəsindən alıntı.
Xurcun - xovsuz, bəzən isə xovlu xalça texnikası ilə toxunan, zəngin naxışlarla, qotazlarla bəzədilən məişət əşyasıdır. İki gözdən və onları birləşdirən ara hissədən ibarət olan xurcun müxtəlif ölçülərdə hazırlanırdı. İri ölçülü xurcunlar adətən yuk və ya minik heyvanlarının belindən aşırılır, əsasən kənd təsərrufatı məhsulları və s. daşımaq ucun istifadə edilirdi. Əvvəllər yaxın və uzaq səfərlər zamanı xurcun və heybədə azuqə də daşınırdı.
Heybə - kənd və dağlıq rayonların məişətində istifadə edilən, əsasən xovsuz xalça texnikası ilə toxunan məmulatdır. Heybə formasına görə xurcuna bənzəsə də, ondan təqribən iki dəfə kiçikdir. Ucqar kənd yerlərində bu gün də xırda əşyalar və azuqə daşımaq üçün heybədən istifadə olunur. Onların cecimdən tikilmiş, nadir halda isə xovlu xalça texnikasında yun, pambıq və ipəkdən hazırlanan növləri var. Heybənin ağız hissəsi bədii tikmə, bafta və s. ilə bəzədilir.
Qaşlıq - biçimi heybə ilə eyni, ölçüsünə görə isə ondan kiçik olan və əsasən xovsuz texnika ilə toxunan xalça məmulatıdır. Yun, pambıq və kecədən hazırlanan qaşlıq yəhərin qabaq hissəsinə, yəni qaşına taxıldığına gorə belə adlanırdı.
Bəybala Mirzəyev
visiontv.az