Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani İranın Fars körfəzi ölkələrinə qarşı hücumlarını sərt tənqid edib. O, “Sky News” telekanalına müsahibəsində bu addımları “böyük xəyanət hissi” kimi dəyərləndirib.
Baş nazir bildirib ki, müharibə başladıqdan cəmi bir saat sonra Qətər və bölgədəki digər ölkələr raket və dron hücumlarına məruz qalıb.
“Bu, böyük xəyanət hissidir. Biz açıq şəkildə bəyan etmişdik ki, qonşularımıza qarşı heç bir müharibədə iştirak etməyəcəyik”, – deyə, Al Tani vurğulayıb.
O, əlavə edib ki, İranın hücumları “təhlükəli və səhv hesablamadır”. Onun sözlərinə görə, Fars körfəzi ölkələri qonşu dövlət kimi Tehrandan belə bir addım gözləmirdi.
Nazir müsahibəsində mövcud böhranın həlli üçün diplomatik yolların vacibliyini də qeyd edib. O, bildirib ki, gərginliyə son qoymağın yeganə yolu bütün tərəflərin danışıqlar və diplomatiya masasına qayıtmasıdır.
visiontv.az