İsfahanda 200 kiloqram zənginləşdirilmiş uran saxlanılır
11.03.2026

İran silah dərəcəsinə yaxın bir səviyyəyə çatmış zənginləşdirilmiş uranın əhəmiyyətli bir hissəsinin hələ də İsfahandakı yeraltı obyektdə saxlanıldığını ehtimak olunur.

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi deyib.

O, bildirib ki, ehtimallara görə, İranın təxminən 60 faiz dərəcəsi ilə zənginləşdirilmiş uranın yarısı İsfahan obyektinin tunel kompleksində saxlanılır və hələ də eyni yerdədir.

Qrossi son yoxlamalarda obyektdə 200 kiloqramdan çox yüksək zənginləşdirilmiş uran olduğunu və bu materialın daşınması ilə bağlı heç bir əlamətin müşahidə olunmadığını bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi, həmçinin qeyd edib ki, İranın nüvə obyektlərinə edilən hücumlardan sonra, Tehran agentliyin İsfahan da daxil olmaqla, bu obyektlərin bəzilərinə girişinə və nüvə materialının hazırkı vəziyyəti barədə məlumat əldə etməsinə icazə verməyib.

visiontv.az