Kamran Əliyev: Rusiya prokurorluğu ilə əməkdaşlığı gücləndirəcəyik
29.10.2026

Azərbaycan və Rusiya arasında mövcud olan dövlətlərarası əlaqələr prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına da müsbət təsir göstərir.

 Bunu  Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru  Aleksandr Qutsana "Azərbaycan Prokurorluğunun 100 illiyi" yubiley medalının təqdim olunması mərasimində deyib.

Kamran Əliyev  Azərbaycan və Rusiya prokurorluqları arasında yüksək səviyyəli işgüzar münasibətlərin və qarşılıqlı əlaqələrin mövcud olduğunu bildirib.

Baş prokuror qeyd edib ki, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafı qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizliyin təmin olunması və cinayətkarlığa qarşı mübarizə baxımından mühüm əhəmiyyət daşıyır.

O, Azərbaycan və Rusiya arasında formalaşmış dostluq münasibətlərinin və iki ölkənin hüquq-mühafizə orqanları arasındakı əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

“Bu gün apardığımız müzakirələr və əldə etdiyimiz razılaşmalar xalqlarımızın, cəmiyyətlərimizin və dövlətlərimizin rifahı naminə əməkdaşlığımızı daha da gücləndirəcək”, – Kamran Əliyev vurğulayıb.

Rusiya Federasiyasının Baş prokuroru  Aleksandr Qutsan da iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın ənənəvi olaraq yüksək səviyyədə olduğunu vurğulayıb. O, əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

visiontv.az