Səudiyyə Ərəbistanı Türkiyəyə öz ərazisində hərbi baza yaradılması ilə bağlı təklif ünvanlayıb. Bu baza Türkiyənin Qətərdə malik olduğu hərbi baza modeli əsasında formalaşdırıla bilər.
Visiontv.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Türkiyənin Qətərdəki hərbi bazası 2015-ci ildən ikitərəfli saziş əsasında fəaliyyət göstərir. Açıq mənbələrdən əldə edilən məlumatlara görə, bazada təxminən 3 000 türk hərbçisi yerləşdirilib. Baza birgə təlimlər keçirmək və Qətər silahlı qüvvələrinin şəxsi heyətinin hazırlanması məqsədilə istifadə olunur.
Səudiyyə Ərəbistanında bazanın yaradılması məsələsi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiəyə dair Məkkə müqaviləsinin respublika parlamenti tərəfindən ratifikasiyasından sonra nəzərdən keçirilə bilər.
Sənəd bu həftə xarici işlər komissiyasından keçib, indi onu parlamentin bütövlükdə təsdiqləməsi gözlənilir. Parlament həmçinin hərbçilərin xaricə göndərilməsi üçün mandat verməli və türk qanunvericiləri bunu zəruri hesab etdikləri təqdirdə bazanın yaradılmasına dair ayrıca sənəd qəbul etməlidir.
Qəzetinin məlumatına əsasən, yeni təhlükəsizlik konsepsiyası çərçivəsində Türkiyə ikitərəfli sazişlər və müxtəlif alyanslar daxilində əldə olunan razılaşmalar əsasında müxtəlif qitələrdə, xüsusilə Afrika və Asiyada hərbi mövcudluğunu genişləndirməyi nəzərdən keçirir.
Bu, digər amillərlə yanaşı, ABŞ-nin 2027-2028-ci illərdə Yaxın Şərqdə birbaşa hərbi mövcudluğunu azaltmaq planları ilə əlaqədardır.
Qəzet yazır ki, yeni dövrdə Türkiyənin məqsədi hərbi potensialını yalnız öz sərhədlərinin müdafiəsi üçün deyil, həm də təhlükəsizlik sahəsində maraqlarının olduğu müxtəlif bölgələrdə çəkindirmə effekti və diplomatik nüfuz yaratmaq üçün istifadə etməkdir.
Türkiyənin 12 ölkədə hərbi bazaları mövcuddur. Onlardan ən böyüyü 30 mindən çox hərbi kontingentin yerləşdirildiyi Şimali Kiprdədir. Türkiyənin bazaları həmçinin Qətər, İraq, Suriya, Somali, Liviya və bir sıra digər ölkələrdə yerləşir.
visiontv.az