İranın sərt xətt tərəfdarı olan media dairələrində Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının Tehran görüşü təhqiramiz vizual təqdimatla gündəmə gətirilib.
Sosial mediada yayılan görüntüdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman yalvaran vəziyyətdə təsvir olunur.
Sepahın keçmiş yüksək vəzifəli şəxslərindən Möhsün Rzai isə təbəssümlə təqdim edilir.
Şəklin üzərindəki farsca «لبخند آقا محسن؛ التماس ۳ گستاخ!» ifadələri
“Ağa Möhsünün təbəssümü və üç həyasızın yalvarışı!” mənasını verir.
Burada farsca “Qostax” sözü “həyasız” və ya “həddini aşan” mənasında işlədilib.
Bu təqdimat göstərir ki, fars mediasının radikal kəsimi Tehran görüşünü regional təhlükəsizlik və diplomatik əməkdaşlıq müzakirəsi kimi deyil, İranın digər üç ölkə üzərində üstünlüyünü nümayiş etdirən bir hadisə kimi qiymətləndirir.
Halbuki diplomatik görüşdə iştirak etmək nə yalvarmaq, nə də siyasi məğlubiyyətin etirafıdır.
Təqdimatın diqqətçəkən digər tərəfi Tehran hakimiyyətinin regional əməkdaşlıq və təhlükəsizlik çağırışları ilə eyni əməkdaşlıq çərçivəsində iştirak edən ölkələrin rəhbərlərini alçaldan təbliğat dili arasındakı ziddiyyətdir.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının rəhbərlərinin “həyasız” adlandırılaraq yalvaran vəziyyətdə təsvir edilməsi diplomatik münasibətlərin deyil, siyasi istehza və təbliğatın nümunəsidir.
Çox təəssüf ki, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının rəhbərləri bütün bunları görməzdən gəlir və ölkələrini hədəf alan bu cür təhqiramiz təbliğata səssiz qalırlar.
Sadiq İsabəyli
visiontv.az