Jurnalistika nədir? - Adil İrşadoğlu
15.01.2021

Jurnalistika çoxplanlı, çoxmənalı, çoxüzlü kütləvi informasiya vasitəsi olub, “dördüncü hakimiyyət”, cəmiyyətin güzgüsüdür.

İlk dəfə 1771-ci ildə İngiltərə parlamentində çıxış etmiş Cek Keyder jurnalistikanı “dördüncü hakimiyyət” adlandırıb. Bu, təsadüfi deyil. Böyük məsuliyyət və şərəf deməkdir. Amma bu heç kəsə “əl-qol açmağa” imkan verməməli, əksinə, həmişə xalqa xidmət etdiyini xatırlatmalıdır. Jurnalistika həm də cəmiyyətin güzgüsüdür. Yəni jurnalist ölkədə baş verən xırda hadisədən böyük tədbirlərə qədər hər şeyi xalqa çatdıran, dünya ictimaiyyətinə xəbər verən və bilavasitə təmsil etdiyi cəmiyyət haqqında müsbət və ya mənfi rəy yaradan şəxsdir.

Əfsuslar olsun ki, hazırda yalan yazanlar azlıq təşkil etsələr də, sadəcə reytinq xətrinə, “filankəsi filankəslə filan yerdə gördülər” kimi sensasiyalı “hekayə”lər yazanlar, evinə “çörək pulu” aparmaq üçün insanları şantaj eləyib “hörmət” qazananlar da var. Amma fəxrlə deyə bilərik ki, ömrünü bu sahəyə həsr edən, həqiqi, vicdanlı, obyektiv, qərəzsiz qərarlar verən qələm sahiblərimiz reket jurnalistlərə qarşı uğurla mübarizə aparmaq, onlara qalib gəlmək və cəmiyyətimizi parlaq ayna kimi əks etdirmək əzmindədirlər.

Əsl Jurnalistlər dövlətin sütunlarıdır. Onları böyük bir okeanda üzən gəminin kapitanları adlandırmaq olar: hansı istiqamətə getsələr, nə yazsalar, xalq da onlarla gedəcək, həmin məlumatı oxuyacaq. Ona görə də, jurnalistlər çalışmalıdırlar ki, öz şərəfli vəzifələrinin öhdəsindən ləyaqətlə gəlsinlər, Azərbaycan həqiqətlərini dünyaya tanıtsınlar. Çox sevindiricidir ki, Azərbaycan jurnalistləri bunu böyük əzmkarlıqla həyata keçirməyə çalışırlar.

Visiontv.az