Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə keçirilən “Vətəndaş cəmiyyətinin sülh prosesində rolu” mövzusunda ictimai müzakirədə “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin nümayəndələri sülhün və etimadın bərpası üçün mədəni irs amilinin vacibliyini gündəmə gətiriblər.
Tədbir zamanı İctimai Birliyin Xarici Əlaqələr və Kommunikasiyalar bölməsinin rəhbəri İsgəndər Sərdarlı çıxış edərək, mədəni irs məsələsinin sülh körpüsünün ən mühüm dayaqlarından biri olmalı olduğunu vurğulayıb. Sərdarlı xüsusi olaraq qeyd edib ki, sülh dialoqları çərçivəsində yaradılacaq yeni platformalarda konkret tarixi abidələr üzrə müzakirələrə başlamaq olar. İsgəndər Sərdarlının redaksiyamıza bildirdiyinə görə:
"Hazırda Ermənistan ərazisində Azərbaycan memarlıq məktəbinin iki möhtəşəm nümunəsi hələ də ayaqdadır. Birincisi, 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın sifarişi ilə tikilmiş Hüseynəli xan məscididir (Göy məscid). Bu abidə memarlıq üslubu, dekorativ tərtibatı və inşasında istifadə olunan kərpic və kaşı bəzəkləri ilə klassik Azərbaycan-Səfəvi memarlıq ənənələrini daşıyır və Azərbaycanın İrəvan xanlığı dövrünün rəmzidir. İkincisi isə, 1413-cü ildə Qaraqoyunlu sülaləsinin idarəçiliyi dövründə inşa edilmiş Əmir Səəd məqbərəsidir. Məqbərənin üzərindəki ərəbdilli epiqrafik yazılar onun məhz Azərbaycan-Qaraqoyunlu dövlətinin görkəmli şəxsiyyəti Pir Hüseynin atası Əmir Səədin şərəfinə ucaldıldığını birmənalı şəkildə təsdiq edir. Hər iki abidə bugünkü Azərbaycan türklərinin əcdadlarının bu coğrafiyadakı minillik varlığının və yüksək mədəniyyətinin daşlaşmış sübutudur. Onların mənsubiyyətinin təhrif edilmədən qəbul olunması gerçək sülh üçün təməl şərtidir."
Müzakirələr zamanı İctimai Birliyin sədri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı rəhbərlik etdiyini təşkilatın hazırladığı praktik təkliflər paketini yazılı şəkildə müzakirə təşkilatçılarına təqdim edib. Qeyd edək ki, bu təkliflər sülh gündəliyinin sənət və mədəniyyət vasitəsilə daha sistemli və nəticəyə hədəflənmiş şəkildə dərinləşdirilməsini nəzərdə tutur.
Visiontv.az