ABŞ prezidenti Donald Tramp çərşənbə günü açıqlayıb ki, ötən Yanvar etirazlarında saxlanılan və onun sözlərinə görə edam təhlükəsi ilə üz-üzə olan 8 iranlı qadın “öldürülməyəcək”.
O, sosial şəbəkədə paylaşdığı mesajda yazıb: “Az əvvəl mənə məlumat verildi ki, bu gecə İranda edam olunmalı olan 8 qadın etirazçı artıq öldürülməyəcək. Onlardan 4-ü dərhal azad ediləcək, digər 4-ü isə bir aylıq həbs cəzasına məhkum olunacaq.”
Tramp həmçinin “İran və onun rəhbərlərinə” təşəkkür edib və bildirib ki, onlar onun müraciətinə “hörmət qoyaraq edam planını dayandırıblar”.
Bu arada, ABŞ prezidenti bir gün əvvəl də paylaşım edərək İrandan bu qadınları azad etməyi istəmiş və bunu Vaşinqtonla danışıqların uğur şansını artırmaq üçün vacib addım kimi qiymətləndirmişdi.
Məlumatlarda bu 8 qadının adları Bita Həməti, Qəzəl Qələndəri, Gülnaz Nəraqi, Pənah Məhəmmədi, Ənsiyə Nəcati, Məhbubə Şəbani, Venüs Hüseyni-Nəjad və Diana Taherabadi kimi qeyd olunub.
Bununla belə, aparılan yoxlamalara görə yalnız Bita Həməti edam riski ilə üz-üzədir və digər şəxslər barədə edam hökmünün çıxarıldığına dair müstəqil təsdiq yoxdur.
Digər tərəfdən, İranın məhkəmə sisteminə bağlı Mizan agentliyi bildirib ki, bu 8 qadından heç biri üçün qəti edam hökmü çıxarılmayıb.
visiontv.az