Dünya Türkdən niyə qorxur?
Kino, ədəbiyyat və sənətdə qlobal güclərin altşüuru Türk qorxusu təkcə gündəlik media müzakirələrinin məhsulu deyil. Media hadisələri şərh edir, lakin kino, ədəbiyyat və sənət qorxunun özünü kodlaşdırır. Dövlətlər dəyişir, hökumətlər gedir, amma kollektiv şüur uzunömürlüdür. Məhz buna görə türk obrazı yüzillərdir siyasi polemikadan kənarda, mədəni altşüur səviyyəsində eyni məna ilə yaşayır: idarə olunmayan, sərhəd tanımayan, yaddaşını itirməyən güc. Bu esse türk qorxusunun mediadan daha dərin qatlarda – sənət, folklor və ideoloji arxetiplərdə (Arxetip yunanca ilkin, başlanğıc mənasını verir. Zərbə, zərbə izi, nişanə, əlamət, ilkin nümunə mənalarını verir.) necə formalaşdırıldığını göstərir.
Qərb mədəni yaddaşında türk qorxusu müasir Türkiyə ilə başlamır. Onun kökü orta əsr travmalarına gedib çıxır. Dante Alighierinin The Divine Comedy (İlahi komedia) əsərində Şərq nizamın dağıldığı məkan kimi təqdim olunur. Orta əsr şərhçiləri tərəfindən tez-tez sitat gətirilən interpretativ fikir belədir: “The East is the realm where order dissolves.” Yəni Şərq nizamın dağıldığı məkandır.
Bu düsturda Şərq anlayışı tədricən türklə eyniləşdirilir və nəticədə belə bir mədəni kod yaranır: Türk – Şərq – xaos – təhlükə. Bu kod müasir dövrdə Hollivud tərəfindən vizual dilə çevrilir. Midnight Express filmində türklər sadist və qeyri-insani həbsxana keşikçiləri kimi təqdim olunur. Filmin rejissoru Alan Parker illər sonra açıq etiraf edib: “The film exaggerated Turkish brutality.” (Film türk qəddarlığını şişirtdi). Lakin bu etiraf gec idi. Film onilliklər boyu Qərb tamaşaçısının şüuraltında türk obrazını zorakılıqla eyniləşdirdi.
Lawrence of Arabia filmində osmanlılar korrupsiyalaşmış, qəddar işğalçılar kimi, ərəblər isə saf və əzilən xalq kimi göstərilir. Britaniya isə “nizam gətirən” obrazındadır. Bu klassik imperiya üçbucağıdır: türk – zalım, yerli ərəb– qurban, Qərb – xilaskar. Bram Stokerin Dracula romanında belə türk elementi qaranlıq mifologiyanın bir hissəsinə çevrilir. Drakula Osmanlılarla əlaqəli, onlardan hərbi təlim almış fiqur kimi təqdim olunur. Bu, vampir mifində belə türk obrazının qan, qaranlıq və işğal ideyası ilə bağlanması deməkdir.
Rus mədəni yaddaşında türk qorxusu daha sərt və daha travmatikdir. Rus folklorunda tez-tez təkrarlanan fikir belə səslənir: “The Steppe invader destroys holy Rus’.” (Çöl işğalçısı müqəddəs Rusiyanı dağıdır.) Burada türk, tatar və monqol anlayışları bir-birinə qarışır. Türk konkret xalq olmaqdan çıxır, əbədi işğalçı arxetipinə çevrilir. Sovet dövrü kinosunda da bu obraz yaşayır. Sergey Eyzenşteynin tarixi filmləri haqqında dediyi fikir təsadüfi deyil: “Cinema must awaken historical memory of invasion.” (Kino işğalın tarixi yaddaşını oyatmalıdır.) Bu yaddaşın mərkəzində isə türk-tatar fiquru dayanır.
Çin mədəniyyəti türk qorxusunu açıq demonizasiya ilə yox, səssizliklə kodlaşdırır. Çin salnamələrinin ruhundan süzülən məşhur parafraz belədir: “When the Turks move, China holds its breath.” (Türklər hərəkətə keçəndə Çin nəfəsini içinə çəkir.) Bu panika deyil, strateji susqunluqdur. Digər etiraf isə daha açıqdır: “We have horses, but no horsemen like the Turks.” (Atlarımız var, amma türklər kimi at minənimiz yoxdur.) Bu cümlə hərbi müqayisə yox, mədəni üstünlüyün etirafıdır. Çin anlayır ki, türkün gücü silahda deyil, həyat tərzindədir.
Hindistan mədəni yaddaşında türk qorxusu artıq tarix deyil, siyasi alətə çevrilmiş xatirədir. Dehli Sultanlığı (1206–1526) və Böyük Moğol dövrü (1526–1857) bu günün ideoloji müzakirələrində sadəcə keçmiş kimi yox, “işğal travması” kimi təqdim olunur. Müasir hind millətçi ritorikasında tez-tez səslənən fikir bunu açıq göstərir: “The invaders came from the northwest and ruled India for centuries.” Yəni: İşğalçılar şimal-qərbdən gəldi və əsrlərlə Hindistana hökm etdi. Bu cümlədə bir detal var. “Kim gəldi?” sualına konkret cavab verilmir. Türk, monqol, müsəlman — hamısı bir paketə yığılır və vahid düşmən obrazına çevrilir.
Tarix burada analiz olunmur, sadələşdirilir. Sadələşdirildikcə isə ideoloji silaha çevrilir. Bollivud da bu prosesdə geri qalmır. Tarixi filmlərdə türk-müsəlman hökmdarlar ya qəddar işğalçı, ya da yerli mədəniyyəti boğan yad qüvvə kimi göstərilir. Bu artıq kino deyil, kollektiv şüurun montajıdır. Əslində isə bu qorxu keçmişdən yox, müqayisədən doğur. Çünki Hindistan tarixində uzun müddət hakim olmuş bu güc təkcə siyasi deyil, həm də mədəni transformasiya aparmışdı. Bu faktın özü belə bu gün narahatlıq yaradır. Beləliklə, Hindistan kontekstində türk qorxusu sadəcə yaddaş deyil. Bu, seçilmiş yaddaşdır. Seçilmiş yaddaş isə həmişə siyasətin xidmətində olur.
İran mədəni məkanında türk qorxusu xarici deyil, daxili xarakter daşıyır. Çünki bu qorxu demoqrafik reallıqla bağlıdır. İran ideoloji aləmində tez-tez səslənən fikir bunu açıq göstərir: “Pan-Turkism is more dangerous than Zionism.” (Pantürkizm sionizmdən daha təhlükəlidir.) Bu ifadə siyasi analizdən çox, daxili dağılma qorxusunun etirafıdır. Ərəb dünyasında isə türk qorxusu keçmiş ağanın qayıdışı kimi kodlaşdırılır. Ərəb publisistikasında tez-tez rast gəlinən cümlə bunu açıq ifadə edir: “The Ottomans never left; they changed clothes.” (Osmanlılar getməyib, sadəcə paltar dəyişiblər.) Bu ittiham yox, psixoloji etirafdır. Qorxu keçmişin qayıtmasındadır. Bütün bu nümunələr göstərir ki, türk qorxusu bir dövlətlə, bir liderlə və ya bir dövrlə bağlı deyil. Bu qorxu arxetipikdir. Türk obrazı qlobal kollektiv şüurda imperiya olub üzr istəməyən, kimliyini gizlətməyən, icazə almadan hərəkət edən güc kimi yaşayır. Son nəticə aydındır. Türklər ona görə qorxulu deyil ki, fəth ediblər. Türklər ona görə qorxuludur ki, kim olduqlarını unutmamışlar. “Qərb düşüncəsində dolaşan maraqlı bir fikir də var: “The worst people in the world are the Turks, but the best people in the world are also the Turks.” ‘Dünyanın ən pis adamları türklərdir, amma ən yaxşıları da elə türklərdir.’ Bu sitatın müəllifi dəqiq bilinməsə də, onun yayılması belə türk obrazının həm qorxu, həm də heyranlıq doğurduğunu göstərir.”
Elbəyi Həsənli
visiontv.az