Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə bildirib ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana səfəri heç nəyi həll etməyəcək.
“Çünki İranda Azərbaycanla münasibətlərə çox təəssüf ki, mühafizəkar qüvvələr, ali dini lider ətrafı cavabdehdir. Hətta İran prezidenti və Xarici İşlər Nazirinin Azərbaycanla münasibətlərlə bağlı xoş niyyətləri olsa da, onlar qərar verə bilmirlər”, o qeyd edib.
Şahinoğlu qeyd edir ki, İranın Azərbaycana qarşı bu siyasəti davam edir və dəyişən heç nə yoxdur.
“Hər zaman Azərbaycana səfərlər olur İran tərəfdən. Dost və tərəfdaşlıqdan danışılır. Üstündən bir müddət keçir və İranın mühafizəkar dairələri Azərbaycan əleyhinə tədbirlər də keçirilir, hərbi təlim də keçirilir. Açıqlama, məqalələr verirlər və bu səfərlər heç nəyi dəyişmir”, o qeyd edib.
Ekspert deyir ki, Azərbaycanın özü də İranla normal münasibət istəyir və ortaq layihələrin reallaşmasına çalışır.
“Amma çox təəssüf ki, siyasi müstəvidə gərginlik davam edəcək. İranda xarici siyasəti müəyyənləşdirən vahid bir mərkəz yoxdur. Hərə öz oyununu oynayır. Fərqli qüvvələr var və bu fərqli qüvvələrin maraqları da bir çox hallarda kəsişir" , Şahinoğlu deyib.
On un sözlərinə görə, İranın bölgədə vəziyyəti ağır olsa da , öz müttəfiqlərini itirsə də, çox təəssüf ki, qonşu ölkələrlə münsibətlərin normallaşmasına çalışmırlar.
“İqtisadi əlaqələrdə müəyyən irəliləyiş olsa da , ortaq layihələr reallaşsa da siyasi müstəvidə münasibətlərin normallaşmasını bu il də gözləmək çətindir”, Elxan Şahinoğlu əlavə edib.
Yanvarın 8-də İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana səfər edib.
“Siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, o cümlədən enerji, dəhlizlər və Cənubi Qafqaz regionunda sülh və sabitliklə bağlı məsələlərdə qarşılıqlı əlaqələrin artırılması üçün məsləhətləşmələr bu səfərin məqsədlərindəndir”, İranın məlumatında deyilir.
Azərbaycan Prezidenti İlham Əliyev isə yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
Görüşdə Azərbaycan və İran arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan-İran əlaqələri
2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlim keçirib.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.
Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.
İran Ədliyyə Nazirliyi 2024-cü ilin yanvarında cinayəti törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə edam hökmü çıxarıldığını bildirsə də hökümn icra edilməsi barədə hələ rəsmi məlumat yaymayıb.
Bununla yanaşı, son iki ildə iki ölkənin xarici işlər nazirləri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Azərbaycan Prezidentinin xüsusi tapşırıqları üzrə nümayəndəsi İrana səfər edib.
Daha sonra iki ölkənin hərbi və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri arasında çoxsaylı görüşlər keçirilib.
Ötən il oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.
Həmçinin ötən il Azərbaycanla İran sərhədində bir sıra birgə istifadə ediləcək obyektlər açılıb.
İranın yeni prezidenti seçiləndən sonra, ötən ilin sonlarında Azərbaycanın İrandakı səfirliyi diplomtik fəaliyyətini bərpa edib. Tehrandakı Azərbaycan konsulluğu fəaliyyətə başlayıb.
visiontv.az