Azərbaycanın Gürcüstan, İran və Rusiya ilə ortaq sərhədi, Türkiyə ilə sıx strateji müttəfiqlik əlaqələri, Avropa enerji bazarlarında oynadığı əhəmiyyətli rol, NATO ilə tərəfdaşlıq münasibətləri ABŞ-ni regionla əlaqədar yeni çərçivə hazırlamağa vadar edir.
Bu cəhətdən Donald Tramp administrasiyası Azərbaycan-ABŞ qarşılıqlı maraqlarının gücləndirilməsinə üstünlük verməyi həmin çərçivənin daxilində prioritet kimi təsnifatlandıra bilər. Çünki ABŞ-nin regionda strateji maraqlarına nail olmaq üçün qət edəcəyi məsafə Azərbaycanla münasibətlərin xarakterindən asılıdır.
Donald Tramp Prezidentliyi dövründə Vaşinqtonun regional siyasət maraqlarını gücləndirməkdən ötrü Azərbaycanla intensiv diplomatiya proqramlaşdırılmasına və təhükəsizlik sahəsində fəal müzakirələrin təşkilinə maraq göstərə bilər.
Tramp administrasiyasının Co Baydendən fərqli olaraq regionla bağlı siyasətini Ermənistana dəstək kampaniyası üzərindən qurmayacağı da proqnozlaşdırılabilən ssenaridir. Azərbaycanın da bu istiqamətdə ABŞ-dən gözləntiləri var.
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində “cənab Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadı. Əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə biz irəliləyişə nail ola bilmişdik” deməsi də bu gözləntiləri ifadə edir.
Bu gözləntilər özünü doğrultsa, ABŞ Cənubi Qafqazda regional əməkdaşlıq və təhlükəsizlik təşəbbüslərinin inkişaf etdirilməsində Azərbaycanın səylərinə əhəmiyyətli töhfələr verə bilər.
Digər tərəfdən, Donald Trampın beynəlxalq nizam haqqında mövqeyi onu Azərbaycanın ATƏT-in Minsk Qrupu kimi fəaliyyətsiz qurumun ləğvi barədəki tələblərinə dəstək olmasına stimul yaradar.
ABŞ Rusiya-Ukrayna müharibəsi səbəbilə postsovet məkanında və Avropa İttifaqında düşdüyü boşluqları doldurmaq üçün fərqli siyasət izləməkdə Trampın timsalında göstərir.
Yəni, Azərbaycan bu siyasətdən kənarda qalmayacaq. Lakin Bakı tələb edə bilər ki, Bakı-Vaşinqton əlaqələri Ağ Evin Rusiya və Çinlə geosiyasi rəqabətindən maksimum kənarda olan münasibətlər portfeli kimi inkişaf etsin.
Bu, Azərbaycana ABŞ-nin regional strategiyasını Zəngəzur dəhlizi layihəsinə inteqrasiyaya təşviq etməyə geniş imkanlar açan xətlər yaradır. Cənubi Qafqazda dayanıqlı sabitlik və təhlükəsizlik üçün vacib olanı da budur. Güman ki, ABŞ Azərbaycanla tərəfdaşlığın gətirdiyi dividentləri başa düşərək Zəngəzur dəhlizi ilə bağlı Bakının şərtlərinin təmin olunmasına dəstək verəcək. Bu, ABŞ-nin Cənubi Qafqazla Mərkəzi Asiyanı vahid geosiyasi portfel kimi qiymətli məkanlar etməsi üçün açardır.
Başqa yandan, cənab Trampın beynəlxalq sistemi radikal nizamlamaya məruz qoyacağı təqdirdə, Azərbaycanın yeni düzəndə yerini möhkəmləndirməsinə əlavə pəncərələr açılacaq.
Münasibətlər qaydasında getsə, proqnozlaşdırmaq olar ki, ABŞ-nin Azərbaycanla bağlı siyasəti əvvəlki Ağ Ev administrasiyalarından fərqli olaraq qeyri-sabit davranışa söykənməyəcək. Bu ehtimalda Vaşinqton Bakıya böyük dərəcədə dostluq nümayiş etdirib, uzunmüddətli perspektiv üçün münasibətləri strateji əlaqələr səviyyəsinə qaldıra bilər.
Aqşin Kərimov
Azertag