İran parlamentində Rudbar seçki dairəsini təmsil edən Mehrdad Qudərzvand Çeqini dövlət televiziyasına verdiyi müsahibədə son hərbi gərginlik zamanı atəşkəsi ilk pozan tərəfin İran olduğunu bildirib.
Bazar ertəsi, 21 iyul tarixində sosial şəbəkələrdə geniş yayılan qısa videoda deputat deyib:
“Bunu deməyim nə dərəcədə düzgündür, bilmirəm. Amma əvvəlcə biz hücum etdik, sonra onlar Siriki hədəfə aldılar.”
Deputat bu sözləri İran və ABŞ arasında danışıqların atəşkəsin pozulması səbəbindən dayandırılması ilə bağlı suala cavab verərkən səsləndirib.
Son günlər Tehran dəfələrlə Vaşinqtonu atəşkəsi pozmaqda ittiham edərək, ABŞ-ın hərəkətlərinə görə danışıqların dayandırıldığını bəyan edib.
Bununla yanaşı, Axios iyulun 6-da iki amerikalı rəsmiyə istinadən xəbər vermişdi ki, İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazından keçən iki ticarət gəmisinə azı iki raket atıb.
Bundan sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 8-də Cənubi İranda 80-dən çox hədəfə zərbələr endirdiyini açıqlayıb və bunu Hörmüz boğazında ticarət gəmilərinə qarşı hücumlara cavab kimi təqdim edib. Tehran isə ABŞ hücumlarına “sərt cavab” verəcəyini bəyan edib.
visiontv.az