Pərinçək-Duqin ikilsinin ideyası Türkiyə və Azərbaycanın maraqlarına ziddir
21.07.2026

Doğru Pərinçəkin lideri olduğu Türkiyə Vətən Partiyasının təşəbbüsü ilə iyulun 18-i və 19-da Ankarada “Böyük Müharibənin Qarşısını Alacaq İttifaq” adlı beynəlxalq konfrans keçirilib. Yayılan xəbərlərə görə, konfransda 17 ölkədən nümayəndə heyəti iştirak edib. İştirakçı dövlətlər arasında Azərbaycanın da adı var. Konfrans iştirakçıları Rusiya, Türkiyə, Çin və İran arasında strateji ittifaq yaratmağa çağırıblar.

Yekun bəyanatda dörd Avrasiya ölkəsindən ibarət ittifaq təhlükəsizliyi təmin etməyə və böyük qlobal müharibə təhlükəsinə qarşı çıxmağa qadir olan yeganə qüvvə kimi müəyyən edilib. Sənəddə ABŞ və İsrailin hərəkətləri, eləcə də İran, Ukrayna, Qəzza zolağı və Livan ətrafındakı vəziyyət genişmiqyaslı hərbi münaqişə təhlükəsinin əsas mənbələri kimi vurğulanıb.

Doğu Pərinçək aylardır “dördlü ittifaq” ideyasının təbliğatıyla məşğul olur. Ona bu işdə rusiyalı “avrasiyaçı” dostu, Ukraynaya qarşı işğalçı müharibənin əsas ideoloqu, “Azərbaycan, Qazaxıstan və digərləri Rusiyaya bağlı olmalıdırlar” deyən Aleksandr Duqin dəstək verir. Pərinçək-Duqin ikilsinin ideyası Türkiyə və Azərbaycanın maraqlarına ziddir. Azərbaycan qonşu dövlətlərlə normal münasibətlərin tərəfdarıdır, ancaq Rusiya və İrandakı indiki reallıqlar şəraitində ölkəmiz bu dövlətlərlə vahid siyasi blokda yer ala bilməz. Çünki, Türkiyəni Rusiya və İranla strateji müttəfiqliyə sürükləmək istəyən anlayış Cənubi Qafqaz ölkələrini təhlükə altına atır. Digər tərəfdən Ankara konfransında iştirak edənlərin əksəriyyətinin Krımın və Donbasın Rusiyaya aid olduğu qənaətinə gəlmək olar. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Prezident İlham Əliyev ukraynalılara “işğalla barışmayın” deyərkən, işğalçının ünvanını göstərir. Ankarada iştirak edən konfrans iştirakçıları isə Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana Rusiyanın işğalçı siyasətinə dəstək verməyi və anti-Amerika siyasəti yürütməyi məsləhət bilirlər. Bu Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ziddir.

Beləliklə, bir ayın içində Ankarada, həm NATO sammiti, həm də anti-NATO beynəlxalq konfransı keçirilib. Ancaq orası da var ki, anti-NATO sammitinə də şərait yaradılıb, əks halda Türkiyənin paytaxtında “avrasiyaçıların” beynəlxalq konfransını keçirmək mümkün olmazdı, tədbirə az pul da xərclənməyib.

Elxan Şahinoğlu

visiontv.az