"Report"-a xəbər verir ki, “Fitch Solutions” İrana dair son hesabatında İranın yüksək inflyasiya ilə üzləşməyə davam edəcəyini proqnozlaşdırıb.
İnflyasiyanın 2024-cü ilin sentyabrında cüzi azalmasına (31,2 %-ə qədər) baxmayaraq, növbəti illər üçün orta inflyasiya səviyyəsi yüksək olaraq qalacaq: 2024-2025-ci illərdə 33,2 %, 2025-2026-cı illərdə isə 31,7 %.
Buna milli valyutanın zəifləməsi və idxal qiymətlərinə təzyiq səbəb olur. Yüksək inflyasiya şəxsi istehlakı məhdudlaşdıracaq və bu da 2024-2025-ci maliyyə ilində ÜDM artımına cəmi 2 faiz bəndi, 2025-2026-cı illərdə isə 1,1 faiz bəndi töhfə verəcək.
“Fitch Solutions” vurğulayır ki, güclənən quraqlıq kənd təsərrüfatı istehsalı üçün də təhlükə yaradır və bu da iş yerləri və yerli ərzaq qiymətlərinə mənfi təsir göstərə bilər.
Neft sektoru İran iqtisadiyyatında çox vacib rol oynayır və onun durğunluğu dövlətin gəlirlərinə təsir edəcək. Bu, fiskal məhdudiyyətləri gücləndirəcək, əmək haqqının və sosial müavinətlərin artımını ləngidəcək.
İran Prezidenti Məsud Pezeşkian illik 8 % artıma nail olmaq üçün 100 milyard ABŞ dollarından çox xarici sərmayənin cəlb edilməsinin vacibliyini açıqlayıb. Lakin ABŞ-nin davam edən sanksiyalarını və İranın Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Maliyyə Tədbirləri Qrupunun (Financial Action Task Force, FATF) qara siyahısına salınmasını nəzərə alsaq, bu planların həyata keçirilməsi çətin görünür.
ABŞ-nin sanksiya təzyiqinin artması, xüsusən də Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə, bu vəziyyəti daha da çətinləşdirəcək, xarici sərmayələr üçün perspektivləri azaldacaq və iqtisadi artımı yavaşlatacaq.
visiontv.az