Səfəvi şahı İ Təhmasibin Osmanlı Sultanı III Murada taxt tac sahibi olması münasibətilə təbrik məktubu. Sultan Səlim xanın oğlu Sultan Murad xana.
Saltanat, cəlalət, ədalət, səadət, səxavət, şücaət, əzəmət, heybət, qüdrət, insaf, dövlət, şərikli hökmranlıq, rəfət, həşmət, əzəmətli ədalət, merhamət, kərəm, ətifət, məhəbbət, dostluq, izzət, iqbal, zəfər, böyüklük, aşkar ehtiram və ehsan sahibi, sultan oğlu sultan oğlu sultan, xaqan oğlu xaqan oğlu xaqan...
Ey adı ən gözəl başlanğıc olan,
Sənin adın olmadan məktubu necə açım?
Ey xütbəsi "Təbarəkəllah" (Allah mübarək eləsin) olan,
Sənin vəsfin hər zaman "Barəkəllah"dır.
Mülk əlində olan Allah nə qədər mübarəkdir və O, hər şeyə qadirdir. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Məxluqatın ən xeyirlisi olan Məhəmmədə və onun bütün ailəsinə salat və salam olsun. Səmimiyyət əlaməti olan təbriklər və hədiyyələr təqdim edirəm ki, onun ixlası "Allah onları sevər, onlar da Allahı sevərlər" fəzasından əsməyə başlayaraq məhəbbət və dostluq bağçasına təravət və gözəllik bəxş edər...
Həqiqətən, bu İsgəndər şanlı ali həzrətlərinin səltənət taxtına, həşmət və əzəmət övrənginə əyləşməsi (cülusu) xəbərini eşitməkdən bu dövlət xahiş edən sadiq bəndəyə cürbəcür şadlıq, sürur, fərəh və rahatlıq üz verdi. Şadlıq, xürrəmlik və məsərrət qapıları bu xeyirxah dostun arzu və ümidlərinin üzünə açıldı. Bütün rəiyyətin rifahına səbəb olan bu böyük əta üçün İlahi şükür səcdələri və sonsuz lütfə minnətdarlıq qaydaları yerinə yetirildi. Natiq bülbül bəyan budağında Uca Rəbbin şükrü üçün dil açdı... ...və bu müjdənin batinindən əmin-amanlıq müjdəsi aləm əhlinin şüur qulağına çatdı. Onun bərəkətindən xalqın və cahan əhlinin ümid gözü işıqlandı. Bu diyarın kiçikdən böyüyə bütün əhalisi bu şadlıq gətirən xəbərlərdən elə şad və fərəhli oldular ki, minlərlə ifadədən birini belə bəyan etmək mümkün deyildir...
Çünki o uca məkanlı şahənşahın günəş işıqlı səltənət bəzəyən rəyinə bəlli, aşkar və aydındır ki, hər iki tərəfin dostluq binası ən uca dərəcədə ucaldılmış, tərəflərin səmimiyyət əsası ən möhkəm dərəcədə bərkidilmişdir. İttifaq qaydası möhkəm bir divar kimi sağlam, ixlas və dostluq rükünləri yeddi qat göy kimi möhkəmdir. Sözsüz ki, birliyin və dostluğun gərəyi olaraq, o İsgəndər şanlı, Süleyman məkanlı sultanın fərəhli taxtını və o Fereydun fərli, Keyxosrov nişanlı xaqanın mübarək cülusunu təbrik etmək üçün; əmirliyin və əyalətin dayağı, şücaət sahibi, etibarlı əmirlər əmiri, padşahın sonsuz nəvazişlərinin nəzərində olan, şahanə bitməz-tükənməz lütf və kərəmlərə nail olan, emarət və hökumətin günəşi —
Məhəmmədi Sultan Əmir Divan (mərhum Şahqulu Sultanın oğlu, izzəti və ucalığı daim olsun) — Azərbaycan vilayətinin bəylərbəyisi, hansı ki uca dərəcə və ali vəzifə ilə əziz və başıuca edilmişdir, tay-tuşları arasında xüsusi məhrəmiyyət və şərəf qazanmışdır, bəyənilən əxlaqı hər zaman təqdirəalayiqdir, keçmişdəki bəyənilən xidmətləri qəbul olunmuşdur, ixlas ağacı şahanə tərbiyənin təmiz suyundan bəhrələnmiş, etiqad fidanı padşahanə lütf buludunun damcılarından göyərmiş və suvarılmışdır — o uca dərgahın və ali sarayın astanasını öpmək üçün göndərildi...
Bu fərəhli saatlarda o tərəfdən gələnlərdən, xüsusən həcc ziyarətçilərindən, ziyarətçilərdən, tacirlərdən və o diyardan gedib-gələnlərdən bu vilayətlərə və hüdudlara fərəhli xəbərlər və mübarək müjdələr çatdı. Bu fərəhli xəbəri eşitməkdən sadiq əqidəli dostun arzu qönçəsi məqsəd və murad gülüstanında, məhəbbət və ittifaq gülzarında çiçəkləndi; tam bir fərəh və daxili şadlıq hasil oldu ki, o iqbal sahibi sultan və o müvəffəq, gözəl xasiyyətli padşah Rəbbani tövfiqlər və Sübhani təyidat ilə Süleymanın ali məsnədində və cahanbaniliyin səadət taxtında qərar tutmuş, müstəqil və kamran olmuşdur.
Dünya fəzasını xaqani cülusu ilə şərəfləndirmiş, adını ucaltmış, ədalətli səltənət qaydalarını və Keyani bəzəkli xosrovluq ayinini təzələmişdir. Səltənət günəşinin doğduğu və əzəmət gəncliyinin əvvəlindən həmişə ali həmmətini parlaq şəriətin təbliğinə həsr etmiş, bəyənilən millətin intizamına yönəltmişdir. "Şübhəsiz ki, Allah təqva sahibləri ilədir" kəlamına uyğun olaraq, İlahi bərəkət və təklik iradəsinin köməyi ilə sərxoşedici içkiləri, xüsusilə şərab içməyi tamamilə qadağan etmiş və dəf etmişdir. "Şübhəsiz ki, Allah yanında ən hörmətliniz ən təqvalı olanınızdır" ali dərəcəsinə çataraq, "Yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək" həqiqətinə uyğun olaraq ədalət, dostluq və salah bayrağını dünyanın hər tərəfində və bütün aləm əhlinin başı üzərində ucaltmışdır.
"Şübhəsiz ki, şərab, qumar, bütlər və fal oxları şeytan əməlindən olan murdarlıqdır. Ondan çəkinin ki, bəlkə nicat tapasınız" şəriətin mübarək ayəsinə əsasən, bütün insanları, xüsusi və avam camaatı şərab içməkdən — hansı ki şübhəsiz pis və nalayiq işdir — çəkindirmiş, iki dünyada nicat və fəlah səbəbi olan bu çirkinlikdən uzaq durmağı əmr etmişdir. Şərab içmək qapıları "Şərab içmək hər bir şər işin açarıdır" xeyir xəbərinə uyğun olaraq aləm əhlinin arzu cəbhəsində bağlanmış, şərabın izi zəmanə dövründən yox edilmişdir. İçki, səhba, sürahı və minadan dildə addan başqa bir şey qalmamış, zaman xalçasında heç bir bəndə onun nişanəsini görməmişdir...
Cənnət məkanlı, Allah cənnət firdovslərində sakit eləsin, sahibqran sultan və Süleyman cahlı xaqana nisbətən, məzmunu doğru olan "Məhəbbət irs qalır" hədisinə əsasən, Rəzvan bağlarının taxtlarında məskən salmış, İsgəndər məkanlı, doğru rəyli Səlim qaan həzrətlərinə olan o məhəbbət və dostluğun hər biri minə çatmışdı.
O şah bizi öz dostlarından saydı,
Bəslədiyimiz məhəbbəti birdən minə qaldırdı.
İndi ki, bu silsilə səltənət və cahanbanılıq göyünün günəşi, Süleyman mülkünün bəzəyi, Səlim xani ölkəsinin taxtını bəzəyən o uca dərəcəli ali həzrətlərinə yetişmişdir, o minin hər biri yüz min oldu. Məhəbbət və dostluq ağacı sədaqət xatirinin bağçasında elə yer almışdır ki, yerin və zamanın sakinləri cüd suyu və ehsan havası ilə göyərmiş, gündən-günə böyüməyə doğru getmişdir. "Kökü möhkəm, budaqları göydədir" nidasını ucaltmışdır. O xoş havalı dostluq təməlinin möhkəm rüknü təbiət fəzasında elə uca dərəcə tapmışdır ki, fələyin təməli möhkəm olduqca saatbaat daha da ucalmaqdadır.
Məhəbbət binası elə möhkəm oldu ki, fələk
Məhəbbət və qızıl ilə məhəbbəti təsdiqləyər və artırar.
Gönül güzgüsünün səfası o dərəcəyə çatdı ki,
Günəş onda özünü görüb üzünü işıqlandırar.
Və onun ali mənzilətindən və uca dərəcəsindən, o səltənət və ehsan dənizinin mübarək zatının mədh və sənasından söz ustadlarının dili və vəsf edənlərin qələmi aciz və qasirdir. Bu səbəbdən o müqəddiməni qısaldaraq, dünya sultanlarının sultanının dövlətinin davamlılığı və səltənətinin əbədiliyi üçün duaya başlayır. Həmişə ki zəmanənin qulağından və asmanın seyrindən ay və günəşin nurunun şöləsi fələk səthindən dünya fəzasına saçar, o Süleyman şanlı, uca məkanlı sultanın bayrağının işığı zamanın sonunadək aləmi işıqlandıran günəş kimi dünya fəzasını münəvvər eləsin!
Süleyman taxtı bu Xosrov və fələk qədirli, İsgəndər nişanlı şahın cah və cəlalının məskəni, İsgəndər məsnədi o sahibqran sultanın səltənət və həşmət qərarstgahı məhşər gününədək olsun!
Mədh dənizinin sahili olmadığı üçün,
Tərifimi dua ilə qısaldıram.
İlahi, dövr və zaman var olduqca,
Asmanın gərdişindən pis qoxu gəlməsin.
Uca fələyin namdarı olasan,
Zəmanənin bəlasından sənə xətər toxunmasın.
Göy çarxında ay və günəş olduqca,
Fələk həmişə sənin kamınca dövr etsin.
Xəyalına gətirdiyindən də artıq,
Məmləkətlər fəth edən, ölkələr tutan ol!
Haraya üz tutsan dostlarının arzusunca,
Müjdəçin fəth, nökərin zəfər olsun.
Uca fələkdən nişanə olduqca,
Zaman və məkandan əsər olduqca,
Həmişə yaxşılıq və xoş bəxt ilə,
İsgəndər taxtının başında qal!
Sultan Süleymandan sən yadigarsan,
Bütün aləmin ümidi sənsən.
Süleymanın yerində illərlə qal,
Müdrikcəsinə ahvalları kəşf et.
Yəzdanın lütfü sənin pənahın olsun,
Dünyanın Xudası sənin yarın olsun.
Amin, ey aləmlərin Rəbbi!
Zaur Əliyev