Gürcüstanda “nifrət ritorikası”na nəzarət gücləndirilir
23.05.2026

Gürcüstan Daxili İşlər Nazirliyində ictimai məkanda nifrətin qızışdırılması və təhqir kampaniyalarının monitorinqi ilə məşğul olacaq xüsusi bölmə yaradılacaq.

Gürcüstan mediasının yazdığına görə, bunu hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri Mamuka Mdinaradze açıqlayıb.

Onun sözlərinə görə, dövlət alternativ fikrin qorunduğu mühit yaratmalıdır, lakin bu azadlıq təhqir və ictimai qarşıdurmanı dərinləşdirən kampaniyalara çevrilməməlidir.

Mdinaradze bildirib ki, dövlət “ictimai məkanı dağıdıcı və süni şəkildə dərinləşdirilən qütbləşmədən” qorumağa borcludur.

Yeni bölmə zərurət yarandıqda məhkəməyə təqdim olunacaq materiallar hazırlayacaq, həmçinin qabaqlayıcı və preventiv qaydada fəaliyyət göstərəcək.

Bu təşəbbüs Gürcüstanda ictimai diskussiya, söz azadlığı və siyasi qütbləşmə mövzusunda yeni mübahisələrə yol aça bilər.

visiontv.az