Boş süfrələr üçün “təxirəsalınmaz qidalanma rejimi”: İran Səhiyyə Nazirliyinin yeni planı bir çoxları tərəfindən sağlamlıq proqramı yox, ölkədə qida yoxsulluğunun normallaşdırılması kimi qiymətləndirilir.
Gunaz TV-nin məlumatına görə, İran Səhiyyə Nazirliyi yeni plan çərçivəsində vətəndaşlara ucuz qidalarla, hətta ətsiz və paxlalısız şəkildə minimum qida ehtiyaclarını necə qarşılamağı öyrətmək istədiyini açıqlayıb. Bu addım ölkədə dərinləşən iqtisadi böhranın və ailələrin alıcılıq gücünün çökməsinin yeni göstəricisi kimi qiymətləndirilir.
Nazirliyin Qidalanmanın Təkmilləşdirilməsi İdarəsinin rəhbəri Əhməd İsmayılzadə bildirib ki, “uyğun və qənaətcil” qida səbəti hazırlanıb və səhiyyə mərkəzlərinin mütəxəssisləri insanlara daha az xərclə minimum kalori və protein ehtiyaclarını necə qarşılamağı öyrədəcəklər.
O etiraf edib ki, bir çox ailənin artıq ət almağa gücü çatmır, hətta paxlalılar da bahalı məhsula çevrilib.
Bununla belə, qidalanma mütəxəssisləri xəbərdarlıq edirlər ki, ətin və paxlalıların uzun müddət düzgün alternativ olmadan qidadan çıxarılması ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Ət tam protein, dəmir, B12 vitamini, sink və vacib amin turşularının əsas mənbələrindəndir. Bunun çatışmazlığı qanazlığı, əzələ zəifliyi, xroniki yorğunluq, immun sisteminin zəifləməsi, sinir sistemi problemləri və uşaqlarda inkişaf geriliyi yarada bilər.
Paxlalılar isə bitki mənşəli protein, dəmir, fol turşusu, maqnezium, kalium və lif baxımından vacibdir. Onların qidadan çıxarılması qidalanma çatışmazlığı, həzm problemləri, ümumi zəiflik və qan şəkərinin tənzimlənməsində pozuntulara səbəb ola bilər.
Bu açıqlamalar İran bazarında ət, paxlalı, düyü, yağ, soğan və kartof qiymətlərinin kəskin bahalaşdığı bir vaxtda səslənib.
visiontv.az