Gürcüstan elə vəziyyətə düşə bilər ki, bazar onun iştirakı olmadan yenidən bölüşdürülə bilər
16.12.2025

Gürcü tarif təklifləri ətrafında yaranan informasiya dalğası gizli gərginliyin fon sədasından çıxaraq açıq müzakirə mövzusuna çevrildiyi o məqam oldu. Reaksiya da demək olar, dərhal gəldi: Tbilisi Azərbaycan neft məhsullarının Ermənistana “pulsuz” bir dəfəlik tranzitinə icazə verdiyini bəyan etdi. Əslində bu addım, problemi kökündən həll etməkdən çox, siyasi təəssüratı yumşaltmaq cəhdi idi.

Amma belə jestlər əsas məsələni arxa plana ata bilmir: Gürcüstan uzunmüddətli tarif siyasətini əslində necə görür? Və ən önəmlisi – bu kursu kimlərin maraqları müəyyənləşdirir? Axı bu xətt birdən-birə illərlə formalaşmış Azərbaycanla strateji tərəfdaşlıq məntiqinə zidd istiqamət götürüb. İllər boyu Azərbaycan sərmayələri və infrastrukturu hesabına tranzit üstünlüyündən faydalanan Gürcüstan indi regional logistika bazarındakı öz mövqeyini zəiflədən addımlar atır. Bu, sanki yetkin məhsulu olan şirkətin bazar reallıqları ilə uyuşmayan qiymət siyasəti apararaq tələbi öz əli ilə boğmasına bənzəyir.

Rəqabət əvəzinə – iqtisadi məntiqsiz tariflər. Gürcüstan indi elə tariflər təklif edir ki, tranzit daşımaları iqtisadi baxımdan mənasız hala gətirir. Halbuki region artıq qarşıdurma məntiqindən çıxıb əlaqəlilik məntiqinə keçməyə çalışır. Tbilisi isə etimadı bərpa etmədən daha sürətlə dağıdan bir model seçir. Bu şəraitdə Bakının alternativ variantları dəyərləndirməsi qaçılmazdır – təzyiq məqsədilə deyil, proqnozlaşdırıla bilən, idarəolunan və strateji müstəqilliyi təmin edən sistem qurmaq üçün.

Azərbaycan artıq bu istiqamətdə işləyir. Mütəxəssislər Gürcü tranzitindən yan keçən paralel logistika xəttinin yaradılması imkanlarını araşdırır. Sovet dövründə Bakıdan Qazağa qədər uzanan və İcevan istiqamətinə çıxışı olan dəmir yolu xətti mövcud idi. İndi həmin xəttin Azərbaycan hissəsinin bərpası ssenarisi masadadır. Müasir texnologiyalar səviyyəsində bu, “onilliklərə hesablanmış layihə” deyil, tam real texniki-iqtisadi göstəriciləri olan işçi layihədir: xərclər, mühəndislik çətinliyi, müddət və buraxılış qabiliyyəti. Bundan sonra yük avtomobil nəqliyyatı ilə davam edə bilər – bu kombinasiyanın artıq dünyada standart logistika praktikası olması da məlumdur.

Eyni zamanda, tam avtomobil marşrutları üzərində də hesablamalar aparılır. Marşrutlar hələ müzakirə mərhələsindədir, amma artıq bir fakt dəyişməzdir: Gürcüstan üzərindən tranzit nə tək, nə də mübahisəsiz yol olaraq qalır.

Siyasi baxımdan bu, ciddi siqnaldır. Cənubi Qafqaz indi elə sürətlə dəyişir ki, bir çox oyunçular yeni reallığa uyğun strategiya formalaşdırmağa macal tapmır. Əgər Tbilisidə kimsə düşünürsə ki, Azərbaycan regionun logistika arxitekturasına yenidən baxmayacaq – bu, strateji səhvdir. Bakı dəfələrlə sübut edib ki, mürəkkəb layihələri bölgədə heç kimin yetişə bilmədiyi tempdə reallaşdıra bilir. Qarabağın bərpasının sürətini, regionun nəqliyyat karkasının yaradılmasını xatırlamaq kifayətdir – XXI əsrdə bu miqyasda postmüharibə quruculuğu nümunəsi, demək olar, yoxdur.

Belə şəraitdə tranzit monopoliya oyununa bel bağlamaq təsir rıçağı deyil, öz-özünə qarşı çevrilən zəiflik mənbəyinə dönür. Gürcüstan elə vəziyyətə düşə bilər ki, bazar onun iştirakı olmadan yenidən bölüşdürülməyə başlasın. Bu, tənqid deyil, sırf iqtisadi hesablamadır: əgər marşrut əsassız dərəcədə bahalaşır və ya etibarsız görünürsə, o zaman cazibəsini itirir. Logistikanın əsası isə tarix deyil, proqnozlaşdırıla bilən qiymət və sabitlikdir.

Bu gün Gürcüstan qarşısında seçim dayanır. Yeni regional əməkdaşlıq modelinə qoşulmaqmı – yəni qarşılıqlı asılılıq üzərindən qazanmaqmı? Yoxsa prosesə kənardan baxmaq və zəncirin artıq onun iştirakı olmadan formalaşmasına razı qalmaqmı? Tarix göstərib: bazarın siqnallarını vaxtında oxuyan və strategiyasını bazar dəyişməzdən öncə yeniləyən ölkələr qazanır.

Tarif böhranı Tbilisinin siyasi yetkinliyinə real sınaq oldu. Azərbaycan öz nəticələrini artıq çıxarıb. İndi növbə Gürcüstandadır – o, situativ qazanc taktikasından çıxıb illərlə mövqelərini möhkəmləndirən strateji tərəfdaşlığa qayıtmağa hazırdırmı? Və ən başlıcası, anlayırmı ki, bu günün Cənubi Qafqazında artıq heç kim “vazkeçilməz olmaq lüksünü” özünə rəva görə bilməz?

Elçin Alıoğlu

visiontv.az